Xəbər verdiyimiz kimi, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib.
Lent.az Vüqar Zifəroğlu haqqında məlumatları təqdim edir.
Vüqar Zifər oğlu Əliyev (Zifəroğlu) 1978-ci il oktyabr ayının 12-də Bakı şəhərində dünyaya gəlib. O, orta təhsilini 190 nömrəli məktəbdə alıb. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika ixtisasına qəbul olub. Həmin ixtisas üzrə 1999-cu ildə fərqlənmə diplomu ilə bakalavr, 2001-ci ildə yüksək nəticələrlə magistr pillələrini bitirib. Onun 1997-ci ildən etibarən mediada analitik və araşdırma məqalələri dərc olunmağa başlayıb.
Bu günədək isə böyük hissəsi analitik janr olmaqla, 100-dən artıq məqaləsi mətbuatda yayımlanıb.
O, 2001-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində çalışmağa başlayıb. 2001–2004-cü illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında, 2004–2006-cı illərdə beynəlxalq jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışıb. 2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasının müəllimi, 2011-ci ildən dosentidir. 2010–2017-ci illərdə "Jurnalistika" Elmi Tədqiqat Laboratoriyasını müdiri-aparıcı elmi işçi vəzifəsində çalışıb. 2017-ci ildən etibarən isə Jurnalistika fakültəsinin dekanı kimi çalışmağa başlayıb.
O, "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi, həmçinin, İdarə heyətinin sədridir.
Vüqar Zifəroğıu 2005-ci ildə jurnalistika ixtisası üzrə namizədlik, 2017-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktoru olan Vüqar Zifəroğlu bir neçə monoqrafiyanın da müəllifidir. Dörd kitabın ("Ön və Orta Asiya Türklərinin tarixinə dair dörd anonim mənbə" (Bakı, 2003); "Xəsryəhudi-xəzər yazışması" (Bakı, 2009); "Sirr" (Bakı, 2013), "Azərbaycan hökmdarları: Səfəvilər" (Bakı, 2016)) və iki monoqrafiyanın ("Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" (Bakı, 2006); "Media imperiyası" (Bakı, 2012)) müəllifi, unudulmaz müəllim və jurnalist Nəsir İmanquiyevin 100 illik yubileyinə həsr edilmiş Biblioqrafiyasının həmtərtibçisidir. İxtisasla bağlı 36 elmi məqalənin, 3 metodiki göctəricinin və dörd tədris proqramının müəllifidir.
2010-cu ilin fevral ayının 4–6-da Rumıniyanın Buxarest şəhərində YUNİSEF-in xətti ilə keçirilmiş "Uşaq hüquqları və jurnalistika" praktik seminarının iştirakçısı olub. 2010-cu il dekabrın 2–5-də Lefkedə (K. K. T. C.) Beynəlxalq Avroasiya Ekonomik İlişkilər Dərnəyi və Lefke Avropa Universitetinin birgə təşkil etdikləri "XXI əsrdə Türk dünyası" beynəlxalq konfransında iştirak edib, "Ortaq Türk İnformasiya məkanının formalaşdırılması" mövzusunda çıxış edib.
Konfransda iştirak və çıxışıma görə Lefke Avropa Universitetinin rektoru tərəfindən təşəkkür bəlgəsi alıb. 2003-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizim Nazirliyinin keçirdiyi Gənc jurnalistlərin III Ümumrespublika müsabiqəsində "Elm və təhsil" nominasiyası üzrə "Qərbi Avropa dillərində türkizmlər" məqaləsinə görə I yerə layiq görülüb, bununla əlaqədar fəxri fərmanla mükafatlandırılıb.