20 dəqiqəyə ölüm hökmü verilən məşhur alim – “Bizim küçələr”
16 oktyabr 2026 20:15 (UTC +04:00)

20 dəqiqəyə ölüm hökmü verilən məşhur alim – “Bizim küçələr”

0

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? Bəzən bir küçənin adını gündə dəfələrlə eşidirik. Taksi sifariş edərkən, kiməsə ünvan deyərkən, yaxud yol soruşarkən həmin adları çəkirik. Amma o adların arxasında hansı həyatın, hansı faciənin, hansı tarixin gizləndiyini çox vaxt bilmirik. Bakıda elə küçələr var ki, onların adı təkcə bir insanın xatirəsini deyil, bütöv bir xalqın ağrılı keçmişini yaşadır. Bu dəfə söhbət ömrünü elmə, türk dillərinin öyrənilməsinə həsr edən, 20 dəqiqəlik məhkəmədə ölümə məhkum olunan, güllələndikdən sonra məzarının yeri belə naməlum qalan bir alimdən gedir.

Lent.az “Bizim küçələr” rubrikasının növbəti yazısını təqdim edir.

Bu dəfə paytaxtın Nizami rayonunda yerləşən Bəkir Çobanzadə küçəsinin adını daşıdığı şəxsin həyatından danışacağıq. Bəs Bəkir Çobanzadə kim olub? Nə üçün həbs edilib, hansı ittihamlarla üzləşib və onun adının Azərbaycan tarixində xüsusi yeri nədir?

Çoban ailəsində doğulan gələcəyin böyük alimi

Bəkir Vahab oğlu Çobanzadə 1893-cü il mayın 15-də Krımın Qarasubazar bölgəsində dünyaya gəlib. Atası çobanlıqla məşğul olurdu. Sadə ailədə böyüyən Bəkirin uşaqlığı maddi imkanların məhdud olduğu bir mühitdə keçib. Ancaq onun elmə və öyrənməyə marağı hələ kiçik yaşlarından özünü göstərirdi. İlk təhsilini Krımda alan Bəkir istedadı və çalışqanlığı ilə müəllimlərinin diqqətini çəkir. 1908-ci ildə yerli xeyriyyə cəmiyyətinin dəstəyi ilə təhsilini davam etdirmək üçün İstanbula göndərilir. İstanbulda təhsil aldığı illər onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Burada müxtəlif dilləri öyrənir, ədəbiyyat və tarixlə yaxından maraqlanır. 1914-cü ildə təhsilini Macarıstanda davam etdirmək qərarına gəlir. Budapeşt Universitetində türk filologiyası, dilçilik və ədəbiyyat sahələrində araşdırmalar aparır. 1919-cu ildə doktorluq dərəcəsi alır. Hələ gənc yaşlarından elmi çevrələrdə tanınmağa başlayır. Onun elmə marağı yalnız bir xalqın dili ilə məhdudlaşmırdı. Bəkir Çobanzadə türk xalqlarının dilləri, tarixi, ədəbiyyatı və mədəni əlaqələrini araşdırırdı.

Krımdan Bakıya uzanan yol

Təhsilini başa vurduqdan sonra Krıma qayıdan Bəkir Çobanzadə burada müəllimlik və elmi fəaliyyətlə məşğul olur. 1922-ci ildə professor elmi adına yüksəlir. 1924-cü ildə isə həyatında yeni mərhələ başlayır. Azərbaycan Dövlət Universitetinin dəvəti ilə Bakıya gəlir. O, universitetdə türk dili və ədəbiyyatından dərs deyir, sonralar Şərq fakültəsinin dekanı vəzifəsində çalışır. Bakı onun üçün sadəcə iş yeri olmur. Burada elmi məktəb yaradır, gənc mütəxəssislərin yetişdirilməsinə kömək edir, Azərbaycan dilçiliyinin inkişafına mühüm töhfələr verir. Bəkir Çobanzadə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın fəal iştirakçılarından biri olur. Türk dillərinin ortaq xüsusiyyətləri, əlifba məsələləri və dilin inkişaf istiqamətləri barədə fikirlər irəli sürür. Alim latın qrafikalı əlifbanın tətbiqini dəstəkləyən ziyalılardan idi. Onun elmi fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmırdı. Krım, Özbəkistan və digər türk xalqlarının dil və ədəbiyyatına dair tədqiqatlar aparırdı.

Türk, rus, macar, fransız, alman, ərəb və fars dillərini bilməsi ona müxtəlif mənbələr üzərində işləmək imkanı verirdi. Lakin elmdə qazandığı nüfuz onu qarşıdan gələn faciədən qoruya bilmədi.

Bir alimin həyatını dəyişən 1937-ci il

1930-cu illərdə Sovet İttifaqında siyasi repressiyalar güclənirdi. Azərbaycanın tanınmış ziyalıları, yazıçıları, müəllimləri və elm adamları müxtəlif ittihamlarla həbs olunurdu. Bəkir Çobanzadə də sovet təhlükəsizlik orqanlarının diqqət mərkəzinə düşmüşdü. Onun elmi fəaliyyətinə maneələr yaradılır, əsərlərinin nəşri çətinləşdirilir, haqqında siyasi ittihamlar səsləndirilirdi. 1937-ci ilin yanvarında alim həyat yoldaşı ilə birlikdə müalicə və istirahət üçün Kislovodska gedir. Ancaq təqiblər orada da davam edir. Yanvarın 28-də Bəkir Çobanzadə sanatoriyada həbs olunur. Əvvəlcə Pyatiqorsk həbsxanasında saxlanılır, daha sonra Bakıya gətirilir. Bununla da onun həyatının ən ağır dövrü başlayır.

32 dindirmə, işgəncələr və ağır ittihamlar

Bəkir Çobanzadə həbs olunduqdan sonra uzun müddət istintaqa cəlb edilir. Arxiv materiallarına əsasən, 1937-ci ilin fevralından sentyabrına qədər 32 dəfə dindirilir. Ona qarşı irəli sürülən ittihamlar son dərəcə ağır idi. Alim Sovet İttifaqına qarşı fəaliyyət göstərməkdə, xarici dövlətlərin xeyrinə casusluq etməkdə, Azərbaycanı SSRİ-dən ayırmağa çalışmaqda və türk xalqlarını birləşdirəcək müstəqil dövlət yaratmaq niyyətində olmaqda günahlandırılırdı. Hətta onun Mircəfər Bağırova qarşı sui-qəsd hazırlamaqda iştirak etdiyi də iddia edilirdi. İstintaq zamanı Bəkir Çobanzadə ağır fiziki və mənəvi təzyiqlərə məruz qalır. Araşdırmalarda onun işgəncələr altında ittihamları qəbul etməyə məcbur edildiyi bildirilir. Vaxtilə universitet auditoriyalarında tələbələrə dərs deyən, elmi məqalələr yazan, müxtəlif ölkələrin alimləri ilə əməkdaşlıq edən professor indi həbsxana divarları arasında özünü müdafiə etməyə çalışırdı. Amma onu dinləməyə hazır olan məhkəmə sistemi yox idi.

Cəmi 20 dəqiqəlik məhkəmə

1937-ci il oktyabrın 12-də Bəkir Çobanzadənin işi üzrə məhkəmə keçirilir. İclas saat 11:20-də başlayır. Cəmi 20 dəqiqə sonra, saat 11:40-da başa çatır. Bu qısa müddətdə tanınmış alimin taleyi həll olunur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar iclasında Bəkir Çobanzadə güllələnməyə məhkum edilir. Məhkəmə prosesində ona özünü müdafiə etmək üçün real imkan yaradılmır. Ertəsi gün, 1937-ci il oktyabrın 13-də ölüm hökmü Bakıda icra olunur. 44 yaşlı alimin həyatı beləcə sona çatır. Onun harada dəfn edildiyi isə bu günə qədər məlum deyil.

Həyat yoldaşının da taleyi dəyişir

Repressiya yalnız Bəkir Çobanzadənin özünü deyil, ailəsini də məhvə sürükləyir. Onun həyat yoldaşı, Bakı Opera Teatrının sənətçisi Ruqiyyə Abdulina da ərinin güllələnməsindən bir gün sonra həbs olunur. O, “vətən xaininin ailə üzvü” olmaqda günahlandırılaraq səkkiz il müddətinə əmək düşərgələrinə göndərilir. Qazaxıstandakı düşərgələrdə cəza çəkən Ruqiyyə xanım sonradan azadlığa buraxılsa da, uzun müddət Bakıda yaşamasına icazə verilmir. O, həyat yoldaşının günahsız olduğunu sübut etmək üçün illərlə mübarizə aparır. Müxtəlif dövlət qurumlarına müraciətlər edir, onun işinə yenidən baxılmasını tələb edir. Nəhayət, 1957-ci il iyunun 6-da Bəkir Çobanzadəyə bəraət verilir. Sovet məhkəməsi onun cinayət törətmədiyini təsdiqləyir. Amma bu qərar çox gec verilmişdi. Alimin ölümündən artıq 20 il keçmişdi. Nə onun itirilmiş ömrünü geri qaytarmaq, nə də ailəsinin çəkdiyi əzabları unutdurmaq mümkün idi.

Kitabları qaldı, məzarı yox

Bəkir Çobanzadə türkoloji tədqiqatları, dilçilik və ədəbiyyatşünaslıq sahəsindəki əsərləri ilə elm tarixində iz qoyub. Onun “Türk-Tatar lisaniyyatına mədxəl”, “Türk dili sərflərinin ümumi qüsurları”, “Füzuli” və digər əsərləri bu gün də elmi irsinin mühüm nümunələri hesab edilir. O, təkcə dilçi alim deyildi. Şeirlər yazır, ədəbiyyatın inkişafı ilə maraqlanır, türk xalqlarının mədəni yaxınlığını araşdırırdı. Bəkir Çobanzadənin faciəli taleyi XX əsrdə repressiyaya məruz qalan yüzlərlə Azərbaycan ziyalısının həyat hekayəsini xatırladır. Onun məzarı məlum olmasa da, adı kitablarında, elmi araşdırmalarda və şəhərimizin küçələrində yaşayır.

Bakıda onun adını daşıyan küçə

Bu gün Bakının Nizami rayonunda Bəkir Çobanzadə küçəsi yerləşir. Küçənin ətrafında yaşayış binaları, müxtəlif ticarət və xidmət obyektləri var. Yaxınlıqda “Qara Qarayev” və “Neftçilər” metro stansiyaları yerləşir. Hər gün bu küçədən yüzlərlə insan keçir. Kimisi işə tələsir, kimisi evinə qayıdır, kimisi də ünvan axtarır. Ancaq küçənin adını daşıyan şəxsin bir zamanlar türk dünyasının tanınmış alimlərindən biri olduğunu, 44 yaşında güllələndiyini və məzarının belə tapılmadığını yəqin ki, çoxları bilmir. Bəkir Çobanzadənin həyat hekayəsi bir daha göstərir ki, şəhərimizin küçələri yalnız binalardan və yollardan ibarət deyil. Hər küçənin öz yaddaşı, hər adın öz taleyi var.

Bu da belə...(rubrikanın ilk müəllifi Fidan İlqar demişkən...)

Krımda çoban ailəsində doğulan, Avropada təhsil alan, Bakıda professor kimi çalışan, 20 dəqiqəlik məhkəmə ilə ölümə göndərilən Bəkir Çobanzadəni siz də tanıyın. Növbəti dəfə bu küçədən keçəndə onun adının arxasında dayanan faciəli ömür yolunu xatırlayın. Məlumatlar Prezident Kitabxanasının tarixi materialları, Azərbaycan Yazıçılar Birliyinin bioqrafik arxivi, TDV İslam Ensiklopediyası və repressiya tarixinə dair araşdırmalar əsasında dəqiqləşdirilib. Bəzi köhnə mənbələrdə ölüm ili 1938 göstərilsə də, məhkəmə və hökmün icrası barədə arxiv məlumatları 12–13 oktyabr 1937-ci il tarixlərini təsdiqləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar