Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson qeyri-adi məhkəmə prosesinin mərkəzindədir.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, amerikalı boksçu nəhəng göyərçin paltarı geyinmiş adamın iştirak etdiyi şouya çıxmaqdan imtina edərək promo-müqaviləni pozmaqda ittiham olunur.
Rabona mərc brendini tanıdan Medier Ltd şirkəti, Tayson və onun şirkəti “Tyrannic”ə qarşı məhkəmə iddiası qaldırıb. İddia təxminən 1,5 milyon funt sterlinq məbləğindədir.
Mübahisələrin 2024-cü ilin yanvar ayında imzalanmış reklam müqaviləsi üzərindən yarandığı deyilir. Təşkilatçılar boks əfsanəsinin həmsöhbətinin nəhəng göyərçin geyimində olan bir kişi olacağı "Danışan göyərçinlər" şousunda iştirak etməsini planlaşdırırıblar.
Tayson həmçinin qeyri-adi personaj boks texnikalarını keçmiş rəqibi Evander Holifildin üzünü əks etdirən manekendən istifadə edərək öyrətməli olub.
Lakin, amerikalının komandası təklif olunan formatın razılaşdırılmış reklam müqaviləsinin şərtlərindən kənara çıxdığını iddia edərək layihədə iştirak etməkdən imtina edib.
Məhkəmə iclası zamanı boksçunun həyat yoldaşı Lakiha Tayson ərinin lağ hədəfinə çevrilməsini istəmədiyini izah edib.

"Biz viral məzmun yaratmaq istəyirdik, amma Maykın özü və brendi ilə fəxr etməsini təmin edəcək şəkildə, onu gülünc göstərməyəcək şəkildə", - o bildirib.
Bu arada, Medier Ltd nümayəndələri imtinanın əsl səbəbinin daha gəlirli bir müqavilə olduğunu iddia edirlər. Bu, Taysonun blogger Ceyk Pol ilə döyüşü olub və boksçunun təxminən 15 milyon dollar alacağı gözlənilib.
Situasiyanın ironiyası ondadır ki, Tayson uzun müddətdir göyərçinlərin pərəstişkarıdır. O, onları uşaqlıqdan yetişdirməyə başlayıb və dəfələrlə onların ona həyatında çətin anlarda kömək etdiyini söyləyib.
Londonda məhkəmə işi davam edir. Tayson tərəfi müqavilənin hər hansı bir pozulmasını rədd edir.