İnsan fəaliyyəti Yer kürəsində həyat üçün təhlükəsiz şəraiti müəyyən edən doqquz əsas ekoloji həddən yeddisini aşıb. Bu, təbiətdə genişmiqyaslı və bəzən geri dönüşü mümkün olmayan dəyişikliklər riskini artırır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Potsdam İqlimə Təsirin Tədqiqi İnstitutunun hazırladığı hesabatda bildirilir.
Hansı hədlər aşılıb?
Hesabata əsasən, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, torpaqlardan istifadənin dəyişməsi, su dövranının pozulması, azot və fosforun həddindən artıq istifadəsi, kimyəvi çirklənmə və okeanların turşulaşması üzrə təhlükəsiz hədlər keçilib.
Ozon qatının vəziyyəti və atmosferdəki aerozollar üzrə qlobal hədlər isə hələ aşılmayıb. Bununla belə, bəzi bölgələrdə havadakı bu xırda hissəciklər ciddi problem yaradır.
Hesabatın aparıcı müəllifi Boris Sakşevski bildirib ki, təhlükəsiz həddi keçmiş sahələrdə təzyiq artmaqda davam edir. Bu isə uzunmüddətli ekoloji dəyişikliklərin qarşısını almağı getdikcə çətinləşdirir.
Meşələr və okeanlar da təhlükədədir
Müəlliflər iqlim dəyişikliyi ilə canlı növlərinin azalmasının bir-biri ilə sıx bağlı olduğunu vurğulayırlar. Təbiəti qorumaq və zədələnmiş ekosistemləri bərpa etmək iqlimin sabitləşdirilməsi üçün də vacibdir.
Xüsusilə Amazon meşələrinin qırılması narahatlıq doğurur. Bu meşələr atmosferdəki karbon qazını udaraq qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir. Meşə sahələrinin azalması həmin imkanları zəiflədir.
Okeanlarda isə dənizin dibi ilə sürüklənən torlarla balıq ovu zəngin canlı aləminə malik ərazilərə zərər vurur. Dərin sularda faydalı qazıntıların çıxarılmasına artan maraq da əlavə risk yaradır. Bu fəaliyyətlərin ümumi təsiri hələ tam qiymətləndirilməyib.
Vəziyyəti dəyişmək mümkündür
Alimlər bütün bu problemlərə baxmayaraq, vəziyyətin ümidsiz olmadığını bildirirlər. Beynəlxalq əməkdaşlıq nəticəsində ozon qatının bərpası istiqamətində əldə olunan irəliləyiş buna nümunə göstərilir.
İnstitutun direktoru, hesabatın həmmüəllifi Yohan Rokströmün sözlərinə görə, bəşəriyyətin vəziyyəti dəyişmək üçün biliyi və imkanları var. Əsas məsələ tədbirləri sürətləndirmək və təbiətə təzyiqi azaltmaqdır.