Danimarkada bir haker özəl İT şirkətinin administrator hesabında dünyanın ən zəif şifrələrindən biri olan “123456”dan istifadə edilməsindən yararlanaraq 8,8 milyon nəfərin şəxsi məlumatlarını ələ keçirib.
Lent.az xəbər verir ki, hakerin sözlərinə görə, şirkətin ən azı üç hesabı, o cümlədən administrator hesabı bu şifrə ilə qorunub. Nəticədə həm sağ, həm də vəfat etmiş şəxslərin adları, ünvanları və şəxsiyyət nömrələri ifşa olunub.
Sentyabrın 10-dan 20-dək “Pays ApS” şirkəti vasitəsilə sistemə 14 milyon avtomatik sorğu göndərilib. Hadisə nazirlik əməkdaşının şirkətin qeyri-adi əməliyyat sayını göstərən hesab-fakturanı aşkarlamasından sonra üzə çıxıb.
Şirkət sistemə giriş imkanından sui-istifadə edildiyini təsdiqləyib. Haker isə ələ keçirdiyi məlumatları satmaq və ya internetdə yaymaq niyyətində olmadığını iddia edib.
Ötən il 7,6 milyon hesabda “123456” şifrəsinin istifadə edildiyi müəyyənləşdirilib. Oxşar təhlükəsizlik boşluqlarının daha əvvəl “McDonald's” sistemlərində də aşkarlanması zəif şifrələrin yaratdığı riskləri bir daha gündəmə gətirib.