Oktyabrın 3-də Daxili İşlər Nazirliyinin “102″ Xidməti - Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində Nizami Gəncəvinin məqbərəsinin yaxınlığında partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub. ANAMA-dan Lent.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib. Lakin həmin gün havanın yağmurlu olmasını və günün sona çatmasını nəzərə alaraq əməliyyat 04 oktyabr 2017-ci ildə davam etdirilib, aşkar olunmuş 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş əl qumbarasının ətrafında 900 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.