Fövqəladə Hallar Nazirliyi bu gün Ucar rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində Hafiz Ənvər oğlu Əliheydərova məxsus “VAZ” markalı minik avtomobili və 1986-cı il təvəllüdlü Rəşad Məhərrəm oğlu Əsədova məxsus “KamAZ” markalı yük avtomobili toqquşması barədə məlumat daxil olub.
Müvafiq xilasetmə qüvvələri dərhal hadisə rayonuna cəlb olunub. Ə.Əliheydərovun cəsədi müvafiq qaydada yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:20-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.