Fövqəladə Hallar Nazirliyinin Akademiyası 2017/2018-ci tədris ili üçün bakalavriat səviyyəsində kursant qəbulu elan edir.
FHN-dən Lent.az-a verilən məlumata görə, FHN-nin Akademiyasında “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Akademiyaya qəbul olmaq istəyən namizədlər tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək, boyu 170 sm-dən az olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
Fövqəladə Hallar Nazirliyində sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında iştirak edirlər.
Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir. Akademiyada təhsil müddəti 4 ildir. Təhsil ödənişsiz əsaslarla əyani şöbədə olmaqla Azərbaycan dilində aparılır.
Sənədlər aprel ayının 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi-8) qəbul edilir.