Bu gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun işğal altındakı Çaylı kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə Silahlı Qüvvələrimizin əsgəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən 5 yanvar 2013-cü il tarixində hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü Sərxan Vaqif oğlu Qasımov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Sərxan Vaqif oğlu Qasımov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Dekabrın 28-də təşkil ediləcək dəfn mərasimində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor V.Məmmədovun rəhbərliyi ilə hərbi hissə və birləşmə komandanlığının nümayəndələri iştirak edəcəklər.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.