“ABŞ-ın xarici siyasət kursunu ayrı-ayrı ştatlar yox, federal hakimiyyət müəyyənləşdirir. Qanunvericilərin vəzifəsi qanunları, insan haqlarını, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etməkdir”.
Bu sözləri Kaliforniya ştatının qanunverici orqanına Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqqında qətnamə təqdim olunmasını şərh edən Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.
E. Abdullayev APA-ya açıqlamasında bildirib ki, qətnaməni təqdim edən Mayk Qatto erməni lobbisi ilə bərabər çalışdığını gizlətmir və bunu öz rəsmi səhifəsində açıqlayıb: “Ümumbəşəri humanitar dəyərlər və insan haqları hər şeydən üstün tutulmalı, şəxsi və siyasi maraqlara qurban verilməməlidir. Mayk Qattonun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. ABŞ Azərbaycan ərazilərinin işğalını qınayan BMT Təhlükəsizlik Şurasının üzv dövlətlərindən biridir”.
E. Abdullayevin sözlərinə görə, M. Qattonun bütün bu faktlara göz yumması və erməni lobbisinin direktivləri əsasında hərəkət etməsi onun qərəzli olduğunu və şəxsi maraqlarını güddüyünü göstərir.