Əlixan Musayev Qamət Süleymanova cavab verdi: ”Fitnələrə əl atır”
14 yanvar 2014 12:09 (UTC +04:00)

Əlixan Musayev Qamət Süleymanova cavab verdi: ”Fitnələrə əl atır”

“Kimsə Suriyaya gedib, əlinə silah alıb, vuruşursa, fitnəyə uymuş sayılır”


 

Əlixan Musayev “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov və onun tərəfdarlarının bəyanatına cavab verib.

 

Ə. Musayev bir neçə tərəfdarı ilə birgə hazırladığı cavab bəyanatını APA-ya göndərib.

 

Ə. Musayev bəyanatda Qamət Süleymanovun fəaliyyəti və onun məqsədləri haqqında fikirlərini açıqlayıb: “Əbu Bəkr” məscidi ətrafında baş verən məlum hadisələrdən sonra geniş kütlə arasında nüfuzunun get-gedə aşağı düşməsini görən Qamət Süleymanov artıq neçənci dəfədir ki, fitnələrə əl atır. Məni təkfirçilikdə ittiham edən Qamət Süleymanov yaydığı bəyanatla faktiki olaraq özü məni təkfir edib. Bunun da müəyyən səbəbləri var. İslam elmləri cəhətdən demək olar ki, dərin məlumatı olmayan Qamət Süleymanovun ətrafında bir zamanlar toplaşan qardaşlar onun naşılığı və səriştəsizliyinə əmin olduqdan sonra daha doğru söz deyən, daha elmli insanların axtarışına çıxıblar.

 

Bunu anlayan Qamət Süleymanov isə aşkar, intellektual, elmi bəhslərdə aciz olacağını əvvəlcədən anlayaraq belə çirkin, İslama və müsəlmana yaraşmayan vasitələrə əl atır, yanındakı qardaşları da aldadır və səhv yola yönəldir. Bu fitnə artıq əhli-sünnə və camaat arasında bir neçə xoşagəlməz qarşıdurmalara (İçərişəhər məscidi, Müşfiqabad qəsəbə məscidi və başqa yerlərdə) gətirib çıxarıb. Bu da bir müsəlman kimi məni çox üzür və onun səhvlərini anlayaraq tövbə edib Allahdan bağışlanmaq üçün rəbbimizə dua edirəm”.

 

Ə. Musayev bəyanatında Suriyada baş verən döyüşlərdə iştirak etmək üçün bu ölkəyə yollanan azərbaycanlılarla bağlı məsələyə də toxunub: “Mən dəfələrlə bəyan etmişəm və bir daha təkrarlayıram ki, Suriyada hazırkı şəraitdə gedən döyüşlərə qatılmaq sələf əqidəsinə ziddir. Həmçinin bununla bağlı dəlilə əsaslanan bir cihad fətvası da yoxdur. Kimsə Suriyaya gedib, əlinə silah alıb, vuruşursa, fitnəyə uymuş sayılır. Yeri gəlmişkən, məni Suriyada vuruşanlara dəstək verməkdə ittiham edən Qamət Süleymanov özünün “Youtube”-da yayılan videosunda ordakı terrorçulara “Allah onlara kömək olsun” kimi dua etməsi əks olunub. Bunu nəzərə alaraq, bir daha təkrarlamaq yerinə düşər ki, Qamət Süleymanovun məni hədəfə almasının kökündə heç də İslam təşəbbüsü, yaxud Suriyada öldürülən aldadılmış müsəlmanlara canı yanması dayanmayıb. Çox təəssüf ki, Qamət Süleymanovun məqsədi yalnız özünə rəqib hesab etdiyi ilahiyyatçıları nüfuzdan salmaqdır. Bunun üçün məscidlərdə, qardaşlar arasında böhtan yaymaqdan tutmuş, mətbuatda, internetdə böhtan xarakterli anonim yazılar yaymağa qədər hər cür müsəlmana yaraşmayan hərəkətlərə də indiyədək əl atıb. Bu proses bu gün, dünən başlamayıb, uzun illərdir, davam edir”.

 

Ə. Musayev bəyanatının sonunda Azərbaycan müsəlmanlarına müraciət edib: “Sonda isə bir daha hər bir azərbaycanlı müsəlmana səslənərək bəyan edirəm ki, Qarabağ kimi problemi olan vətənimizi tərk edib Suriyada bəlli olmayan məqsədlər üçün pərdəarxası qüvvələrə xidmət etməkdən, ən acınacaqlısı isə canlarını boş yerə fəda etməkdən vaz keçsinlər”.

 

Qeyd edək ki, dünən Q. Süleymanov və tərəfdarları Ə. Musayevin sıralarından tərk edilməsi ilə bağlı bəyanat yayıblar. Mədinə Şəhəri Beynəlxalq İslam Universitetinin məzunlarının adından imzalanan bəyanatda qeyd edilir ki, Əlixan Musayev və Mübariz Qarayev təkfirçilərlə əlaqə, gəncləri təkfirçiliyə yönəltmə və təkfirçilərə dəstək verməklə sələf mənhəcinə müxalif olublar: “Çox sayda yalanlar danışdığına və ondan tələb edilən məsələlərdə açıqlama verməkdən boyun qaçırdığına görə Mədinə tələbələri Əlixan Musayev və Mübariz Qarayev mənhəclərini bəyan edənə qədər bizim sıralarımızdan tərk edilsinlər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3971
avatar

Oxşar yazılar