Respublikada qanunsuz narkotik maddə satışı ilə məşğul olan şəxslər yaxalanıb. Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, mayın 8-də polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Şirinovdan 77 qramdan çox heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq çəkisi 4 kiloqram 670 qram olan heroin aşkar edilərək götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Quliyevdən 460 qram marixuana götürülüb.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hənifə kənd sakini Ülviyyə Məmmədovaya məxsus həyətanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 235 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Araşdırmalar aparılır.