Bu gecə Bakı şəhəri, Binəqədi rayonunda Mədəni Maarif Kollecinin yataqxanasının həyətində baş verən yanğın zamanı həyətdə məcburi köçkünlərin özləri tərəfindən taxta konstruksiyalardan tikilmiş 4 barak yanıb.
Bunu APA-ya açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib.
Hazırda yanğınla bağlı Dövlət Komitəsi və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən araşdırma aparılır. Yaşadıqları tikililər yanan məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün hazırda Dövlət Komitəsinin balansında boş mənzil olmadığını bildirən E.Qədimov bu məsələ ilə də bağlı müzakirə və araşdırmaların aparıldığını söyləyib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda mәcburi köçkünlərin məskunlaşdığı ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb. FHN-in məlumatında qeyd edilib ki, Binəqədi rayonunda Mədəni Maarif Kollecinin yataqxanasının həyətində baş verən yanğın nəticəsində yataqxananın həyətində özbaşına taxta konstruksiyalardan tikilmiş ümumi sahəsi 450 kv. m olan tikililərin 6 ailəyə məxsus olan 150 kv. m sahəsi yanıb. Tikililərin qalan hissəsi və yataqxana binası yanğından mühafizə olunub. Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.