Kiyevdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) ofisində diaspor nümayəndələrinin Azərbaycan Milli Məclisində Ukrayna parlamenti ilə Dostluq Qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyevlə görüşü olub.
APA-nın məlumatına görə, görüşdə çıxış edən UABD sədri Hikmət Cavadov Azərbaycan dövləti və parlamenti tərəfindən Ukraynada yaşayan azərbaycanlılara hər zaman diqqət göstərildiyini vurğulayıb: “Azərbaycanın rəsmi şəxsləri və parlament üzvləri Kiyevə səfərləri zamanı diaspora təşkilatlarının problemləri ilə maraqlanır, onların həlli yolunda diqqətlərini əsirgəmirlər. Bu qayğı Ukraynada yaşayan azərbaycanlıları hədsiz sevindirir. Biz, Ukraynada yaşayan azərbaycanlılar, çalışırıq ki, Azərbaycanın inkişafı naminə əlimizdən gələni əsirgəməyək”.
H. Cavadov Azərbaycanın Ukraynadakı səfirliyinin də hər zaman diaspor fəaliyyətinə dəstək verdiyini vurğulayıb.
R. Quliyev isə diaspor fəallarını harada yaşamaqlarından asılı olmayaraq hər zaman dövlətimizə dəstək verməyə çağırıb: “Siz Ukraynada yaşayan soydaşlarımız Azərbaycan dövlətinin qayğısını və dəstəyini hər zaman hiss edirsiniz. Sizin işiniz Ukraynada yaşayan azərbaycanlıları vahid çətir altında birləşdirməklə yanaşı, xalq diplomatiyası yolu ilə mədəniyyətimiz, tariximiz, inkişafımız, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barəsində Ukrayna ictimaiyyətinə həqiqətləri çatdırmaqdan ibarətdir".
Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polkovnik Şahin Qocayev isə bildirib ki, son günlər Azərbaycan mətbuatında soydaşlarımızın oğurlanması məsələsi barəsində statistika şişirdilərək Azərbaycan ictimaiyyətinə təqdim olunur və insanlar bundan təşvişə düşür. Məsələ ilə əlaqədar hər iki ölkənin baş prokurorları səviyyəsində müzakirələr aparılır. Açılan cinayət işlərinin gedişi Azərbaycan DİN və Baş prokurorluğunun diqqət mərkəzindədir.
Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Mübariz Cəfərov isə referendumla bağlı məlumat verib: “Referendumda Ukraynada yaşayan Azərbaycan vətəndaşları fəal iştirak ediblər. Diasporla bağlı problemlər isə səfirlik tərəfindən diqqətlə öyrənilir və onların həlli istiqamətində müvafiq işlər görülür”.
Görüşdə Azərbaycan diasporunun fəalları da çıxış ediblər.