Lent.az son günlər Bakıda qeydə alınmış yol qəzalarından bir neçəsinin videogörüntülərini təqdim edir. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəzalar sürücülərin sükan arxasında sanki yuxulu olduğunu və ya onların yol hərəkəti qaydalarından xəbərsizliyini göstərir.
Birinci yol nəqliyyat hadisəsi minik avtomobilinin yük maşının sağdan ötməyə cəhd etməsi nəticəsində baş verir. Əslində, yük maşınının sürücüsü də bilmir ki, yolun sağ hərəkət zolağı boş olduğu halda sol hərəkət zolağında hərəkət etmək qanunla qadağan edilir. Xüsusən də yük maşınının sol hərəkət zolağında hərəkəti əməlli-başlı problem yaradır. Görünür, minik avtomobilinin sürücüsü də onu sağdan ötmək məcburiyyətində qaldığı üçün bu addımı atır və elə bu anda minik avtomobilinin sürücüsünün də sükanı bir qədər sağa döndərməsi ağır qəzaya səbəb olur. Zərbə o qədər güclü olur ki, kiçik bir minik maşını yük maşınını aşırır. Aşan avtomobil dərhal tüstüləməyə başlasa da, xoşbəxtlikdən yanğın və ya partlayış baş vermir. Bütün bunlar bir yana, ətrafdakı insanların bu hadisəyə etinasız yanaşması bir qədər düşündürücüdür. Diqqətlə baxdıqda görürük ki, ətrafdakı avtomobillərdən düşənlər və ya piyadalar hadisə yerinə yaxınlaşsa da, sadəcə maraq xətrinə qəzanı seyr edirlər. Mobil telefonla hadisənin videoçəkilişini aparanlar da var. Əslində, belə vəziyyətdə ora yaxınlaşmaq çox böyük təhlükədir. Tüstüləyən avtomobil hər an partlaya və alışıb yana bilərdi. Bu isə daha ağır nəticə demək olardı. Amma o insanların, xüsusən də yoldan keçərkən maşını saxlayıb qəzanı seyr edən sürücülərin heç birinin ağlına gəlmədi ki, öz avtomobilində olan yanğınsöndürən cihazdan istifadə etməklə tüstülənmənin qarşısını alsınlar. Bunu bilməməzlik kimi qiymətləndirmək də olar. Amma əsas məsələ yəqin ki, insanların bir-birinin taleyinə etinasızlığıdır.
Növbəti yol qəzasında iki minik maşınının toqquşmasının adi yol qəzası kimi qəbul etmək olar. Adi olmayan isə odur ki, ağ rəngli avtomobil “Mersedes”in yoluna qəflətən çıxmasaydı, “Mersedes” isə bir qədər aşağı sürətlə hərəkətdə olsaydı, bu qəzadan yayınmaq çox asan olardı.
Digər yol nəqliyyat hadisəsinin səbəbi sürücülərin nizamlanmayan yol ayrıcını keçərkən yol hərəkəti qaydalarını unutmasıdır. Əslində, həmin yol ayrıcında svetoforun olub-olmadığı tam aydın görünmür. Lakin svetofor olsa belə, yəqin ki, sürücülərin hər ikisi belə yüksək sürətlə hərəkət etməzdilər. Yəni, onların hərəkətlərindən belə aydın olur ki, hər iki sürücü yolda hərəkət üstünlüyünə malik olduğunu düşünür. Amma bu yol nizamlanmayan yol ayrıcıdırsa o zaman “London taksisi” sağdan hərəkət edən qara rəngli minik maşınına yol verməli idi. Qəzadan sonra taksi elə yolun ortasındaca dayanır və göründüyü kimi, digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradır.