Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov 2014-cü ildə qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədilə Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində olub. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daxili Qoşunların komandanı hərbi hissəyə ümumi baxış keçirib, şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb, xidməti döyüş fəaliyyəti ilə yaxından tanış olub. Hərbi hissədə xüsusi taktiki təlim nümayiş etdirilib. Sonra xidməti müşavirə keçirilib.
Müşavirədə çıxış edən general-mayor Ş. Məmmədov bildirib ki, son illər Daxili Qoşunların kadr potensialının gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika və avadanlıqlarla təchiz olunması, yeni hərbi şəhərciklərin yaradılması, hərtərəfli şəraitə malik xidməti mənzillərin istifadəyə verilməsi və s. istiqamətlərdə çox işlər görülüb. O deyib ki, Daxili Qoşunların şəxsi heyəti Azərbaycan Respublikasının qanunlarından, Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin fərman və sərəncamlarından, eləcə də daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, öz andına sadiq qalaraq, polis orqanlarının əməkdaşları ilə birgə ölkədə sabitliyin, əmin-amanlığın keşiyində mətinliklə dayanacaq.
Daha sonra Ş. Məmmədov hərbi hissənin xidməti döyüş fəaliyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, general-mayor Ş. Məmmədov daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra regionlarda yerləşən hərbi hissələrə səfərinə ilk olaraq Zaqataladakı hissədən başlayıb.