Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 14-də saat 08.00 radələrində Ələt-Astara magistralının 138-ci kilometrliyində, yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili Bakı istiqamətində hərəkət edən "Lada-Priora" markalı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində "Lada-Priora" avtomobilinin sürücüsü, Cəlilabadın Dələli kənd sakini Elvin Eynulla oğlu İmanov və onun sərnişini olan həmkəndlisi Samir Algüşat oğlu Alışov aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə ölüblər. Avtomobildəki digər sərnişin, sürücünün qardaşı olan Qüdrət Eynulla oğlu İmanov, eləcə də “VAZ-2107”-nin sürücüsü, Astara rayon sakini Ramal Ağayevlə həyat yoldaşı Aynurə Ağayeva ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan hər üç yaralının vəziyyətinin hazırda orta-ağır olduğu bildirilib.
Şahidlərin sözlərinə görə, qəza "Lada-Priora" avtomobilinin qəfildən magistral yola çıxması səbəbindən baş verib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.