İyulun 11-nə keçən gecə bulvarda bədbəxt hadisə nəticəsində dənizə yıxılaraq boğulan gəncin meyiti sudan çıxarılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişinin dənizə düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş dalğıc-xilasedicilər 1992-ci il təvəllüdlü Cahangirov Xəyal Namiq oğlunun cəsədini xilasetmə məntəqəsindən 200 metr aralıda, nəzarətsiz ərazidə taparaq sudan çıxarıblar. X. Cahangirov cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:09-da başa çatıb.
Qeyd edək ki, hadisə “Saat qülləsi”nin yaxınlığında baş verib. 22 yaşlı Xəyal dəniz kənarındakı dəmir məhəccərdən keçib və bu vaxt ayağı sürüşərək suya düşüb. Dostları və ətrafdakılar onu xilas eləməyə çalışsalar da, buna nail ola bilməyiblər. Xəyal dənizdə boğulub.
Əslən Masallı rayonundan olan Xəyal Cahangirov hərbi xidmətdən təzəcə qayıdıbmış. Nişanlanmağa hazırlaşan gənc ailəsi ilə birlikdə Bakıya işləməyə gəlib.