APA-nın məlumatına görə, fətvada bildirilir ki, hicri 1436-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabrın 26-na, Aşura günü noyabrın 4-nə təsadüf edir.
Bu gün Kərbəla şəhidlərinin xatirəsi yad edilir, təziyələr saxlanılır. Bu münasibətlə QMİ-nin Qazılar Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-təaladan səbir, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir.
Qeyd olunur ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi olmaqla təşkil oluna bilər. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə xəsarət yetirməməlidirlər”.
Bu gün son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olacaq. Aksiya aşağıdakı məscidlərdə keçirilir:
1. Yasamal rayonu “Təzə-pir” məscidi
2. Yasamal rayonu “Hacı Soltanəli” məscidi
3. Nəsimi rayonu Əjdərbəy məscidi
4. Səbail rayonu “Bibi-Heybət” məscidi
5. Səbail rayonu İçərişəhər cümə məscidi
6. Suraxanı rayonu Qaraçuxur məscidi
7. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi
8. Nizami rayonu Keşlə qəsəbə məscidi
9. Sumqayıt şəhər “Cümə” məscidi
10. Gəncə şəhər “İmamzadə” məscidi
11. Mingəçevir şəhər “Heydər” məscidi
12. Şəki şəhər “Cümə” məscidi
13. Lənkəran şəhəri Böyükbazar məscidi
14. Bərdə şəhər “Cümə” məscidi