Baş prokuror Zakir Qaralov Salyan şəhərində vətəndaşlarla görüşüb. Baş prokurorluqdan Lent.az-a verilən məlumata görə, prokuror Z.Qaralov vətəndaşları bu gün Salyan rayon prokurorluğunun inzibati binasında qəbul edib. Görüşdə Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad, Saatlı və Masallı rayonlarından olan vətəndaşları qəbul olunub.
Qəbuldan əvvəl Baş prokuror və Salyan rayon İcra Hakimiyyətinin başçısı ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb.
Z.Qaralov bölgədə yaşayan 11 vətəndaşın müraciətlərində qaldırılan, prokurorluğun səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə müvafiq göstərişlər verib.
Müraciətlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Eyni zamanda prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.