Bakıda son günlərin dəhşətli yol qəzaları KAMERALARDA
05 noyabr 2013 14:43 (UTC +04:00)

Bakıda son günlərin dəhşətli yol qəzaları KAMERALARDA

Lent.az-ın oxuculara təqdim etdiyi budəfəki yol qəzaları son iki həftə ərzində Bakıda qeydə alınmış hadisələrin görüntüləridir. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kameraları vasitəsilə qeydə alınan bu görüntülərə diqqət etdikdə aydın olur ki, yol qəzalarının əksəriyyəti səhlənkarlıqdan, diqqətsizlikdən və ən əsası da təcrübəsizlikdən baş verir.

 

Birinci yol qəzasında “Lada” markalı avtomobilin sürücüsü idarəetməni itirir və avtomaşın səkiyə çıxır. İkinci yol qəzasında isə mavi rəngli avtomaşın da idarəetməni itirərək səkiyə dəyir və yolun əks istiqamətinə düşür. Digər yol qəzasında isə sürətlə hərəkət edən qara rəngli “Mersedes” markalı avtomaşın sükanı yığışdıra bilmir və qarşıdakı ağ rəngli avtomaşını çırpılır. Sonra isə idarəetməni itirərək piyadaların üstünə sürür. Lakin piyadaların çevik hərəkəti onları qəzadan xilas etdi.

 

Növbəti yol qəzasında isə betonqarışdıran yük maşınının az qala “VAZ-2107” markalı minik avtomobilinin üstünə çıxmasıdır. Sağa-sola baxmadan hərəkət edən yük maşının sürücüsü “07”-nin ön tərəfini əzir. Bundan bərk əsəbiləşən “07”-nin sürücüsü maşından düşərək yük maşınının sürücüsünə hücum edir.

 

Digər iki yol qəzası isə sürücülərin qeyri-peşəkarlığının göstəricisidir. Bu qəzalar sürət rejiminə əməl olunmaması və ötmə-manevr qaydalarının pozulması üzündən baş verir. Svetoforun qırmızı işığında dayanmaq istəyən “Mercedes”in arxadakı maşın tərəfindən vurulması isə tələskənliyin göstəricisidir. Arxadakı maşın sürət həddini aşmaqla yanaşı, düşünür ki, qarşıdakı maşın svetoforun sayrışan işığından keçəcək. Lakin həmin avtomaşının sürücüsünün qəfil tormozlaması qəzaya səbəb olur. Bütün hallarda, arxadakı avtomaşın ara məsafəsini və sürət həddini düzgün qiymətləndirməli idi. Oxşar hadisə iki “Jiquli”nin toqquşmasından da görünür.

 

Aeroport yolunda sürətlə hərəkət edən avtomaşın isə idarəetməni itirir və dəmir arakəsməyə çırpılır. Sürət o qədər yüksək olur ki, avtomaşın aşaraq yolun əks istiqamətinə düşür.

 

Avtobusun ön tərəfindən piyadaların keçməsi qadağan olunduğu kimi, avtomaşınların da yola çıxması düzgün deyil. Amma ağ rəngli “Jiquli”nin avtobusun qarşısından yolun əks istiqamətinə çıxması ağır qəzaya səbəb oldu.

 

Növbəti qəza nizamlanmayan yol ayrıcının keçilməsi qaydasının pozulması ucbatından baş verir. Həmişə günahı “Kamaz”da axtaranlar bu görüntüyə diqqətlə baxsınlar. Yenə də bir-birinə yol verməmək qəza ilə nəticələnir.

 

Növbəti yol qəzası isə toy karvanında baş verir. Bəy-gəlin cütlüyünü müşayiət edən gənclər bir-biriylə yarışarkən toqquşma baş verir. Qara rəngli “Cip” ağ rəngli “07”ni vurub yerindən oynadır. Burada günahı “07”-də axtarmaq olmaz. Çünki həmin avtomobil dairədə hərəkət edir və hərəkəti tam başa çatdırmamış onun yoluna çıxan avtomaşın tərəfindən vurulur. Növbəti yol qəzasında isə “07”-nin sürücüsü məsuliyyətsizlik edir. Svetoforun qırmızı işığı yanır və bütün avtomaşınlar dayanır. Amma “07” hərəkətə davam edir. Nəticəsi də belə olur…

 

Digər yol qəzaları isə yol ayrıclarının düzgün keçilməməsi, sürücülərin bilərəkdən və ya bilməyərəkdən bir-birinin yoluna çıxması ucbatından baş verir. Bütün hallarda, qaydaları bilmək və əməl etmək gözəldir…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3433

Oxşar yazılar