Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1961-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən həmin şəxsin vanna otağında vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.