Lent.az-ın oxuculara təqdim etdiyi növbəti yol qəza görüntüləri avtoxuliqanların Bakıda törətdiyi əməlləri əks etdirir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» İdarəsinin kameraları ilə qeydə alınan bu görüntülərə baxdıqda belə təsəvvür yaranır ki, avtoxuliqanlar üçün qayda-qanun, nizam-intizam əhəmiyyətsiz bir şeydir. Odur ki, onlara qarşı cəzaların daha da sərtləşdirilməsini təklif edənləri dəstəkləməkdən başqa çıxış yolu qalmır.
Birinci yol qəzasında ağ rəngli «VAZ-2107»nin yüksək sürətlə hərəkət etməsi və dairədə olan «Mercedes»ə yol vermədən onu vurması əlavə şərhə ehtiyac yeri qoymur.
İkinci görüntüdəki hadisə «Beşmərtəbə» kimi tanıdığımız ərazidə cərəyan edir. Qara rəngli «Mercedes» yüksək sürətlə hərəkət edir və qəflətən avtomobili yerində oynadaraq, təhlükəli manevr edir. Sonra da heç nə olmamış kimi yoluna davam edir. Onun ardınca isə ağ rəngli «07» eyni hərəkəti təkrar etməyə çalışır. Lakin sürət həddi yüksək olduğu üçün sürücü bu manevri edə bilmir və «Şahmat klub»un qarşısı ilə yolun əks istiqamətinə çıxır. Hər iki görüntüdəki avtomobilin oradakı insanlar üçün ciddi təhlükə yaratdığı aşkar görünür.
Növbəti yol qəzasında «VAZ-2106» markalı avtomaşının avtoşluq edərək qəza törətdiyi görünür. Sürücü idarəetməni itirərək başqa nəqliyyat vasitəsinə çırpılır.
Daha bir yol qəzası Park İnn otelinin qarşısında baş verir. Neftçilər prospekti ilə yüksək sürətlə hərəkət edən ağ rəngli «Range Rover» markalı avtomaşın otelin qarşısında dayanmış taksini vurur və zərbənin təsirindən taksi yerindən uçub ağaca dəyir. Göründüyü kimi, qəzanı törədən «Range Rover»dən düşüb qaçanlar gənclərdir və bu qəza da elə gənc sürücünün təcrübəsizliyindən baş verir. Əslində həmin situasiyada qəzadan yayınmaq da olardı…
Növbəti yol qəzasında boz rəngli «Samara»nın ağ rəngli «07»yə çırpılmasını görüb birinci avtomaşını günahlandırmayın. Çünki həmin avtomaşın idarəetməni itirərək «07»yə çırpıldı. Qəzadan bir neçə saniyə əvvəl «Samara»nı başqa bir avtomaşın vurur və onu yolundan döndərir. Sürücü də idarəetməni itirərək «07»yə çırpılır. Qara rəngli «Samara» isə getdiyi yerdə qəflətən avtomobili «oynatmağa» başlayır ki, bu da ağ rəngli taksiylə toqquşmaya səbəb olur.
Qaranlıqda qeydə alınan növbəti yol qəzasını əsl möcüzə adlandırmaq olar. Çünki bu qəza bir neçə saniyə tez baş versəydi 6 nəfərin taleyi sual altında olardı. Yüksək sürətlə hərəkət edən «Mercedes» dönmə əməliyyatını apara bilmir və yolda quraşdırılmış sərt maneəyə çırpılır. Burada yol təsərrüfatı işçilərini də qınamaq olar. Çünki yolun bağlanması və ya yolda maneələrin qoyulması barədə yolun əvvəlinə xəbərdarlıq nişanları qoyulmalı idi. Ola bilsin ki, bu nişanlar olub və sürücü buna əhəmiyyət verməyib. Amma bütün hallarda diqqətlə baxsaq görərik ki, sürücü düzünə hərəkət etmək istəyir. Lakin qəflətən maneələri görür və sükanı sola çəkmək istəsə də artıq gec olur. Çünki bu cür sürətdə qəza qaçılmazdır.
Digər yol qəzası də avtoşların iştirakı ilə baş verir. Nəriman Nərimanovun heykəlinin yanında yüksək sürətlə hərəkət edən «06» dönmə əməliyyatını apara bilmir və hasara çırpılır. Zərbənin təsiri o qədər güclü olur ki, avtomaşının ön tərəfi yoxa çıxır. Daha bir qəzada ağ rəngli «07» ilə «Range Rover»in yarışa çıxıb avtoxuliqanlıq etdiyi açıq-aydın görünür. Hətta «07» özündən ən azı 3 dəfə böyük olan Range Rover»i üstələməyə çalışır. Sonuncu isə «07»ni vurub yolundan çıxarır və hərəkətə davam edir. Nəticəsi göz qabağındadır. Körpünün üstündə qara rəngli minik maşınının bir neçə dövrə vurmasının səbəbi isə ağ rəngli avtomaşının onu arxadan vurub yolundan döndərməsi oldu. Yenə də səbəb yüksək sürətdir.
Qara rəngli «Mercedes»in törətdiyi növbəti yol qəzası dəhşətlidir. Özü ilə birlikdə 5 avtomaşının əzilməsinə səbəb olan bu qəzanı törədən avtomobilin yüksək sürətlə hərəkət etdiyi və yolun əks istiqamətinə cızdığı aydın görünür. Ağ rəngli «Jeep» isə svetoforda yolu tez keçmək istəyərkən sükanı yığışdıra bilmir və səkiyə çırpılır.
Növbəti görüntülər də əsl avtoxuliqanın həyat tərzidir. «Beşmərtəbə»də dairəyə girmədən üzü «Nizami» metrostansiya tərəfə düzünə hərəkət etmək qərarına gələn «07» idarəetməni itirir və elə həmin ərazidəki piyada keçidinin üstündəki sərt maneəyə çırpılır.
Digər iki yol qəzasının törədən «Mercedes»lərin yüksək sürətlə hərəkət etdiyini və digər nəqliyyat vasitələrinin yoluna çıxmaq kimi qadağan olunmuş əməllər törətdiyini qeyd etmək vacibdir.
Bunun ardınca qeydə alınan 4 yol nəqliyyat hadisəsində də sürücülər yol ayrıclarını düzgün keçməməklə yanaşı, həm də sürət həddini aşırlar. Digər yol qəzasında isə kiçik mikroavtobusun bir neçə maşını vurub əzməsinin səbəbi manevr qaydasını pozması və sürət rejiminə əməl etməməsidir. Ehtimal etmək olar ki, həmin avtomaşının əyləc sistemi sıradan çıxır və sürücü qəzanın qarşısını ala bilmir.
Növbəti qəzada «06»nın sürücüsü yox, ağ rəngli «Toyota»nın sürücüsü günahkardır. Çünki o, svetoforun qırmızı işığında hərəkət edir.
«KİA Sportage» ilə «Qazel»in toqquşmasında səbəb sürücülərin bir-birinin yoluna çıxmasıdır. Eyni zamanda, burada sürət həddinin aşılması da müşahidə olunur. Əgər həmin yol nizamlanmırsa o zaman «KİA Sportage» sağdan hərəkətdə olan «Qazel»i gözləməli idi.