Yanvarın 17-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2013-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə olunub. Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilmiş, bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib. İl ərzində prokurorluqda 425, daxili işlər orqanlarında isə 4277 cinayət işinin istintaqı tamamlanıb. Paytaxtın prokurorluq və digər hüquq mühafizə orqanlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixatrop maddələrin qanunsuz dövriyyəsi və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib. Belə ki, Xətai rayonunda Hindistan Respublikası vətəndaşı Binod Kumarın, Nəsimi rayonunda İran İslam Respublikası vətəndaşı Həqzadə Mirəli Vəkil ağa oğlunun, Yasamal rayonunda Türkiyə Respublikasının vətəndaşı Mehmet Alim Halil oğlunun, Nərimanov rayonunda Nağıyev Rasim Tağı oğlunun qətlə yetirilmələri ilə əlaqədar bağlı qalmış cinayət işlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.
2013-cü ildə paytaxt ərazisində bir qrup şəxslər tərəfindən ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsində və əmlak ziyanı vurulmasında ifadə olunan qanunsuzluqların qarşısı alınmaqla, həmin hadisələrə görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin olunub. Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biri olması Bakı şəhər prokuroru tərəfindən xüsusilə vurğulanıb.
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlara da diqqət yetirilərək 2012-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və quldurluq cinayətlərinin sayının artması, 4 qəsdən adam öldürmə, 19 quldurluq cinayətlərinin açılmaması narahatçılıq hissi ilə qeyd edilib.
Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 14 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 1 əməkdaş isə vəzifədən azad edilib.