"Bakı-Sumqayıt yolunda təmir işləri yekunlaşıb".
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb. Onun sözlərinə görə, bu gün axşam saatlarında Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri başa çatıb. A.Nəcəfli qeyd edib ki, Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti tam bərpa edilib.
"Sözügedən ərazidə 250 min kvadratmetr sahədə asfalt-beton örtüyü tam olaraq yenilənib. Zəruri yerlərdə yeni yol nişanları quraşdırılıb, xətlənmə işləri aparılıb", - deyə Agentlik rəsmisi vurğulayıb.
Xatırladaq ki, iyunun 26-dan 27-nə keçən gecədən etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işlərinə başlanılıb.