Sənaye məhsulu istehsalı 2012-ci illə müqayisədə ötən il 1,8 faiz artaraq 33,7 milyard manata çatıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Onun 74,0 faizi və ya 24,9 milyard manatı mədənçıxarma bölməsində, 20,1 faizi, yaxud 6,8 milyard manatı emal bölməsində, 5,3 faizi və ya 1,8 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi və ya 218,7 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Sənayenin neft sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri-neft sektorunda isə 4,8 faiz artıb.
Mədənçıxarma bölməsinin məhsullarından 43,1 milyon ton və ya 0,2 faiz çox xam neft, 17,9 milyard kub metr, yaxud 3,6 faiz çox əmtəəlik qaz, 1619 kq və ya 3,6 faiz çox qızıl hasil olunub.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 4,2 faiz, içki istehsalı 13,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 30,9 faiz, poliqrafiya məhsulları istehsalı 43,4 faiz, neft məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı 19,5 faiz, əczaçılıq məhsulları istehsalı 12,8 faiz, tikinti materialları istehsalı 21,0 faiz, metallurgiya məhsulları istehsalı 1,5 faiz, elektrik avadanlıqlarının istehsalı 14,6 faiz, maşın və avadanlıqların istehsalı 25,1 faiz, avtomobil və qoşquların istehsalı 28,9 faiz, sair nəqliyyat vasitələri istehsalı 2,3 dəfə artıb.