Gəncədə oğurluqla məşğul olan şəxs tutulub. Lent.az xəbər verir ki, dünən gecə saat 04:32-də Gəncə şəhəri, H.Əliyev prospekti 93 ünvanda yerləşən “Ucuzluq” mağazasından polisə "həyəcan" siqnalı daxil olub. Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları dərhal hadisə yerinə gəliblər və obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxs tərəfindən sındırıldığı, mağazanın kassasından oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb və maddi subutla birlikdə (kassadan oğurladığı 450 manatla) ərazi üzrə Kəpəz RPİ-yə təhvil verilib.
Polis İdarəsində saxlanılan şəxsin şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, həmin şəxs Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Pənahov Sərdar Qabil oğludur. S.Pənahovun başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Gəncə ŞBPİ-nin Kəpəz RPİ-də araşdırma aparılır.