Plenumda Ramil Usubov, Zakir Qaralov, Fikrət Məmmədov, Fuad Ələsgərov da iştirak edir
Azərbaycan Ali Məhkəməsinin Plenumu başlayıb.
APA-nın xəbərinə görə, iclasda daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da iştirak edir.
İclası açıq elan edən Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenumda konkret cinayət işlərinə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması haqda cinayət işləri üzrə məhkəmə təcrübəsinin öyrənilməsi məsələlərinə baxılacağını deyib.
Bildirilib ki, həmçinin İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində yol hərəkəti ilə bağlı qaydalara dəyişiklik edilməsi haqqında Milli Məclisə təklif verilməsi məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, Plenumda sabiq səhiyyə naziri Əli İnsanov, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu haqında Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlara da baxılacağı gözlənilir.