APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şeyx Bahəddin küçəsi ilə Vaqif küçəsinin kəsişməsində, Mərkəzi Bazarın qarşısında qeydə alınıb.
Şəhər sakini Əli Aşurovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən Əkbər Məmmədovun idarə etdiyi “Mercedes” markalı təcili tibbi yardım maşını ilə toqquşub. Zərbənin gücündən təcili tibbi yardım maşını yol kənarındakı mağazaya çırpılıb. Qəza nəticəsində “VAZ 2107”nin sərnişini, 27 yaşlı Turan İsmayılova, təcili tibbi yardım maşınının sürücüsü və tibbi bacıları Şərqiyə Həsənova ilə Bəsti Əhmədova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb. VAZ “2107”nin sürücüsu isə hadisə yerindən qaçıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.