Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına mobil telefon aparatlarının keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Fətullayev Məhəmməd Hüseyn oğluna qaynatası Xaçmaz rayon sakini İmamquliyev Məmməd Alı oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş sellofan bükülüdə 0,063 qram heroin aşkar edilib.
Həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144.2.1; 144.2.3; 144.2.4; 144.2.5; 144.2.6; 181.3.2; 66.3; 67.1 və 317.2.1-ci maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Şahbazov Elməddin Aləddin oğluna xalası oğlu, Salyan şəhər sakini Zamanov Soltan Nobil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan plastmas yağ qabının içində xüsusi üsulla gizlədilmiş 1 ədəd Nokia, 1 ədəd Samsung markalı mobil telefon aparatları və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Xanbabayev Zamin İsmət oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Xaçmaz rayon sakini Xanbabayev Məhəmməd İsmət oğlunun əşyalarına və üzərinə baxış keçirilən zaman şalvarının cibindən daxilində danışıq kartı olan 1 ədəd Nokia markalı mobil telefon aparatı aşkar olunub.
Hər üç faktla bağlı araşdırma aparılır.