Şamxal Hüseynovun qardaşı: “Onların Azərbaycanın Tehrandakı səfirliyinə təhvil verilməsi gözlənilir ”
İranda saxlanılan Şamxal Hüseynovun qardaşı Əlövsət Hüseynov Xalidə Xalid və qardaşının azadlığa buraxılması ilə bağlı mediada yayılan xəbərə münasibət bildirib.
Ə. Hüseynov APA-ya açıqlamasında deyib ki, ona Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan X. Xalid və Ş. Hüseynovla bağlı təhvil-təslim getmədiyini bildiriblər: “Lakin konsulluqdan bildiriblər ki, onlar sabah, uzağı birisi gün azadlıqda olacaqlar. Onların Azərbaycanın Tehrandakı səfirliyinə təhvil verilməsi gözlənilir”.
Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan APA-ya bildirib ki, X. Xalid və Ş. Hüseynovun Azərbaycan tərəfinə təhvil verilməsi ilə bağlı təmaslar davam etdirilir. Yaxın vaxtlarda onların təhvil verilməsi gözlənilir.
Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.
Daha sonra İran tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun azad edildiyini açıqlasa da, onlar hələlik Azərbaycan tərəfə təhvil verilməyiblər.