“Media sahəsində mövcud vəziyyət alqışlanmalıdır”
“Azərbaycanda söz və mətbuat azadlığı üçün bütün lazımi imkanlar yaradılıb”.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Gürcüstan paytaxtında ATƏT-in təşkilatçılığı ilə keçirilən “Medianın azadlığı üzrə ATƏT-in öhdəliklərinin dərk edilməsi” mövzusunda 10-cu Cənubi Qafqaz Media Konfransında bildirib. Vüqar Əliyev konfransda məruzə ilə çıxış edib.
V. Əliyev bildirib ki, Azərbaycan son 10 il ərzində ATƏT-in söz və mətbuat azadlığı ilə bağlı keçirilən konfransında mütəmadi olaraq iştirak edərək ölkədə KİV-in vəziyyəti, söz və mətbuat azadlığı barədə həqiqətləri tədbir iştirakçılarına çatdırır: “Müstəqillik dövründə, ümumiyyətlə, son 10 il müddətində Azərbaycan KİV-in, söz və ifadə azadlığının inkişafı yolunda böyük inkişaf yolu keçib. Azərbaycan faktiki olaraq 1998-ci ildə senzuranı ləğv etdi və 2000-ci ildə mətbuat və informasiya nazirliyinin ləğvi ilə KİV-in üzərində dövlət nəzarəti funksiyasından imtina etdi”.
V. Əliyev, Azərbaycanda jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması üçün addımlar atıldığını da diqqətə çatdırıb: “Azərbaycanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir çox tədbirlər də həyata keçirilib. Bu il 156 jurnalist ev ilə təmin olunub və 240 jurnalist üçün tikiləcək yeni binanın təməli qoyulub. Azərbaycanda jurnalistlərin təhlükəsizliyinin təmin olunması və onların fəaliyyəti üçün zəruri şəraitin yaradılması işləri davam etdirilir. Azərbaycanda media sahəsində mövcud vəziyyət alqışlanmalıdır. Azərbaycanın ATƏT-lə əməkdaşlıq çərçivəsində yerinə yetirdiyi öhdəliklərlə bağlı hər hansı qüsur və mənfi hal müşahidə olunmur. Biz bəzi QHT və digər dairələrin mövqeyini əsla qəbul etmirik. Hesab edirik ki, Azərbaycan müstəqil dövlətdir və onun daxili və xarici siyasəti var. Bu siyasət çərçivəsində işlərimizi uğurla davam etdirəcəyik”.