“Rüstəm İbrahimbəyova qarşı haqsızlıq edildi. Təəssüf edirəm ki, Müsavat Partiyasının ayrı-ayrı funksionerləri tərəfindən Rüstəm İbrahimbəyovla bağlı müəyyən fikirlər səsləndi. Kaş ki, o fikirlər olmayaydı və indiki vəziyyət yaranmayaydı. Təbii ki, bu fikirlər Rüstəm İbrahimbəyov kimi böyük bir düşüncə adamının səviyyəsinə uyğun olmayan, onu kifayət qədər incik salan fikirlər idi”.
Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü Gültəkin Hacıbəyli qurumun fəxri sədri Rüstəm İbrahimbəyovun istefasına münasibət bildirərkən deyib.
G.Hacıbəyli R.İbrahimbəyovun istefasından təəssüfləndiyini qeyd edib: “Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri olması qurumun öz mənafeyi baxımından daha faydalı idi və cəmiyyətin bu təşkilata olan marağını artırırdı”.
Onun sözlərinə görə, R.İbrahimbəyova qarşı bütün ittihamlar əsassız olub, lakin o, Milli Şuranın bütövlüyünü qorumaq üçün istefa verməyə məcbur olub: “Əslində bu situasiyanın özü də Rüstəm İbrahimbəyovun böyüklüyünü sübut etdi. O, indiyədək bir neçə dəfə geri çəkilməklə böyüklük nümayiş etdirmişdi. Milli Şuranın vahidliyini, bütövlüyünü qoruyub saxlamaq üçün atdığı bu son addım da ona qarşı ittihamların nə qədər əsassız olduğunu göstərir. Düşünürəm ki, bundan sonra yenidən Milli Şuranın taleyi, qurumun parçalanması ilə bağlı fikirlər tam əsassız olacaq və bu çağırışları edən insanlar özlərini cəmiyyət qarşısında uğursuz bir durumda təqdim edəcəklər”.
G.Hacıbəyli fəxri sədrin istefasından sonra Milli Şurada baş verə biləcək istefaları istisna etməyib: “Milli Şura fərqli siyasi partiyalar, gənclər və ziyalılardan ibarət geniş bir formatdır. Belə bir geniş platformanın tərkibində vaxtaşırı istefalar ola bilər və bu təbii prosesdir”.