Misirin “Əl-Əhli” klubunun futbol komitəsi komandanın futbolçusu Əhməd Abduzzahiri diskvalifikasiya edib. Lent.az-ın məlumatına görə, buna Abduzzahirin Afrika Çempionlar Liqasının finalında “Orlando Pirates”in qapısına vurduğu qoldan sonra “Rabia” işarəsi göstərməsi olub.
“Əl-Əhli”nin mətbuat katibi Cemal Cebr son qərarın klubun idarə heyətinin toplantısında çıxarılacağını bildirib. Amma Misirin idman naziri Tahir Əbu-Zeyd Abduzzahirinin hərəkətinin adi bir şey kimi qəbul edilməsinin mümkünsüzlüyünü bildirib. O, hücumçunun cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, Əhməd Abduzzahiri Misirin paytaxtı Qahirədə keçirilmiş final matçının 78-ci dəqiqəsində qol vurduqdan sonra ölkədə hərbi çevriliş əleyhdarlarının simvolu sayılan “Rabia” işarəsini göstərib.