Türkiyənin Antalya bölgəsində olan Azərbaycanın futbol komandalarından 2-si ötən gün yoldaşlıq görüşü keçirib. Lent.az-ın məlumatına görə, “Qəbələ” Türkiyə Superliqasında çıxış edən “Konyaspor”la qarşılaşıb.
Oyun yerli komandanın qələbəsi ilə yekunlaşıb – 4:2. “Qəbələ”nin heyətində Rafael Santos və Yannik Kamanan fərqlənib. Bu, məşqçi Yuri Syominin komandasının Antalya toplanışında ikinci yoxlama matçı olub. Daha öncə “qara-qırmızılar” Qazaxıstan “Tobol”unu üstələyib.
Zaqatala “Simurq”u isə ilk yoxlama oyununu qələbə ilə başa vurub. Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan "Velbert" klubuna qarşı görüşdə komandamız bir qolla sevinib. Həmin qolun müəllifi Draqan Çeran olub. “Simurq”un baş məşqçisi Georgi Çixradze baxış üçün dəvət olunun nigeriyalı Bəşir Dominik Jamilunu matçın son 15 dəqiqəsində sınayıb. Jamilu haqda qərar yaxın günlərdə veriləcək.
Qeyd edək ki, “Simurq” növbəti yoxlama görüşünü yanvarın 19-da Rumıniya "Vasluy"una qarşı keçirəcək. “Qəbələ” isə yanvarın 20-də Qazaxıstan “Spartak”ı ilə üz-üzə gələcək.