Hazırda Türkiyənin Antalya şəhərində olan “Neftçi” klubu Bakıya ciddi itki ilə qayıda bilər. Apasport.az saytının məlumatına görə, son ölkə çempionunun aparıcı futbolçularından olan braziliyalı Bruno Bertuççinin qonşu ölkədə qalmaq ehtimalı var.
Buna səbəb “Əskişəhərspor” seleksionerlərinin 24 yaşlı sol cinah müdafiəçisinə ciddi maraq göstərməsidir.
Belə ki, Superliqa təmsilçisi cənubi amerikalını heyətinə qatmaq istəyir. Bakılıların “Fənərbaxça” ilə oyununu izləyən türkiyəlilər komandadan qalmaqalla ayrılan Tarık Çamdalın gedişindən sonra yaranan boşluğu məhz Bertuççi ilə aradan qaldırmaq arzusundadırlar.
2 ildir “Neftçi”də oynayan Brunonun və onun məxsus olduğu klubun “Əskişəhərspor”a necə cavab verəcəyi isə hələ bəlli deyil. Bir müddət əvvəl Braziliya mətbuatına müsahibəsində vətənə qayıtmaq istəyini bildirən müdafiəçinin Topaz Premyer Liqası ilə mübarizədə daha güclü sayılan Superliqaya keçidə müsbət yanaşacağı istisna deyil.
Qeyd edək ki, 20 yaşadək futbolçular arasında Braziliya yığmasının heyətində dünya çempionu olan Bertuççi 2010-cu ildə “Əskişəhərspor”a icarəyə verilsə də, meydana çıxmayıb.
“Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə isə “apasport.az” saytına açıqlamasında bildirib ki, Brunonun transferi üçün hansısa komandadan rəsmi təklif almayıblar: “Bertuççi ilə əlaqədar heç bir klub bizə rəsmi təklif etməyib. Bruno komandamızdadır, hansısa kluba keçmir. Bu gün “Metallurq”la keçiriləcək oyuna çıxmağa hazırlaşır”.