“Bakı” klubunun sabiq futbolçusu Maris Verpakovski Latviya yığması ilə vidalaşıb. Lent.az-ın məlumatına görə, bu barədə 34 yaşlı hücumçu UEFA-nın rəsmi saytına açıqlama verib.
Verpakovski millinin heyətində Riqada vida matçı keçirmək istədiyini bildirib.
Hazırda Yunanıstanın “Erqotelis” klubunda çıxış edən forvard Latviya yığmasında 103 oyuna 29 qol vurub. O, millidə 100-cü matçını sentyabrın 10-da məhz Ellada təmsilçisinə qarşı keçirib. 2014-cü il dünya çempionatının seçmə qrup oyunu Yunanıstanın qələbəsi ilə yekunlaşıb – 1:0. Amma Verpakovskinin yığmada ən böyük nailiyyəti 2004-cü il Avropa çempionatının final mərhələsində çıxış etməsidir. “Pley-off” mərhələsində Türkiyəni evdə 1:0 hesabı ilə yenən, səfərdə isə 2:2 hesablı heç-heçəyə nail olan Baltikyanı ölkə komandasının 3 qolundan 2-sini o vurub. Təcrübəli hücumçu yığmada ən çox anlaşdığı futbolçu qismində 2008 – 2012-ci illərdə Azərbaycanın “İnter”, “Qarabağ” və “Simurq” klublarında çıxış etmiş Andrey Rubinin adını çəkib.
Qeyd edək ki, Maris Verpakovski “Bakı”da 2011-ci il iyunun 30-dan bu il yanvarın 30-dək forma geyinib. O, Azərbaycan klubunda 27 oyuna 3 qol vurub.