Artıq uzun müddətdir ki, DəmirBank-ın sabiq filial müdiri Fərəh Rəşadətli və bir qrup şəxs ilə bağlı məhkəmə prosesi davam edir. DəmirBank 28 illik tarixi ərzində hər zaman qanun çərçivəsində fəaliyyət göstərmiş, bütün müştərilərin hüquqlarını qorumağa çalışmış və bununla yüz minlərlə müştərinin etimadını qazanmışdır. İstintaq başlandığı gündən Bank rəhbərliyi tərəfindən Bankın əməkdaşlıq etməyə hazır olduğu bildirilmişdir və hüquq mühafizə orqanları tərəfindən tələb olunan bütün proseslərdə iştirak edilmişdir. Proses başladığı müddətdən qanun çərçivəsində istənilən məlumatların açıqlanmasına Bank tərəfindən heç bir qadağa qoyulmamış və gələcəkdə də qoyulmayacaqdır.
Yol verilmiş qanun pozuntuları nəticəsində məhkəmə proseslərində iştirak edən şəxslərdən kənar heç bir Bank müştərisinin hüququ pozulmamış, hesablarına müdaxilə edilməmişdir. Bununla yanaşı zərərçəkmiş qismində çıxış edən Banka dəyən maddi-mənəvi və imic zərərinə görə Bankın nümayəndəsi tərəfindən təqsirləndirilən şəxslərə qarşı məhkəmə iddiası qaldırılmışdır.
Zəngin tarixə malik DəmirBank, Azərbaycanın aparıcı banklarından biri olmaqla, hazırda ölkə üzrə bir çox regionları əhatə etməklə geniş xidmət şəbəkəsinə malikdir.
Hazırda DəmirBank-ın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya Maliyyə Təşkilatı kimi beynəlxalq maliyyə institutları yer alır.