Quba rayonunda məktəb direktorunun evi yandırılıb.
Lent.az-ın “Report”-a istinadən məlumatına görə, hadisə rayonun Qırız Dəhnə kəndində baş verib.
Belə ki, həmin kəndin orta məktəbinin direktoru Xəlil Sərkərova məxsus ikimərtəbəli, 6 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba rayon Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülsə də, ev sıradan çıxıb.
İlkin ehtimala görə, ev elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanıb.
Ev sahibi isə hadisənin qəsdən törədildiyini iddia edir. O, bu fikrini evdən çıxarkən bütün işıq və qaz naqillərini cərəyandan ayırması ilə əsaslandırıb. Yanğın zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.
Hadisə yerinə gələn Quba rayon Polis Şöbəsinin əməkdaşları da evin qəsdən yandırılması ehtimalını bildiriblər.
Yanğının səbəbi araşdırılır.
***
12:20
Quba rayonunda yanğın olub.
Lent.az Fövqəlaəd Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qrızdəhnə kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.