Talassemiyalı uşaqlara qarşı 1 milyonluq dələduzluq edən  3 qadın həkimin   MƏHKƏMƏSİ
08 may 2024 19:31 (UTC +04:00)

Talassemiyalı uşaqlara qarşı 1 milyonluq dələduzluq edən 3 qadın həkimin MƏHKƏMƏSİ

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aysel Məmmədova ifadə verib.

A. Məmmədova bildirib ki, onu 2022-ci ildə bu işə Nuridə Seyidova dəvət edib: “7 il müalicə işi üzrə təhsil almışam. Yevlaxda 5 il həkim işləmişəm. Sonra işdən çıxdım, köçdüm Bakıya. Özəl xəstəxanada həkim işləyirdim. Orda işləyə-işləyə Aynurə ilə tanış oldum. Özəl xəstəxanada işləyəndə xaricə müalicə üçün adam göndərməklə məşğul olurduq. Aynurə ilə tanış olandan sonra məni həkim-ekspert vəzifəsinə dəvət etdi. Mənə dedi ki, xarici təşkilatlardan dəstək alıb, xəstələri xaricə göndərməklə bağlı danışıqlar olub. Gördüyüm iş müqabilində xəstələrin ödədiyi puldan 20-25 faiz mənə çatırdı. Mənim işim xəstə tapmaq idi. Bir dəfə Nuridəgildən işin gedişatı ilə bağlı soruşanda, dedilər sənlik deyil. Ümumilikdə, şirkətə iki xəstəni özüm gətirmişəm. Pulları Toğrul adlı şəxs alırdı. Alınan pullar hara, necə xərclənirdi, xəbərim yoxdur".

Sonda iş üzrə zərərçəkmiş kimi tanınan Şahbacı İsayeva, Şahid Mövsümov və Vüqar Eminovun qaldırdığı mülki iddialar icraata götürülüb.

Vaxt azlığından proses mayın 15-nə təxirə salınıb.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2733
avatar

Oxşar yazılar