Qubada qum-çınqıl yataqlarını qanunsuz istismar edənlərə cinayət işi başlanıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, faktlarla bağlı Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılıb. Nəticədə Quba rayonundakı “Mirzəqışlaq”, “Talıbqışlaq”, “Qaralçay” və “Qudyalçay” qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı nəticəsində təbiətə ümumilikdə 1 milyon 144 min manat ziyanın dəyməsi müəyyən edilib.
Araşdırma gedişatında hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə ayrılmış ərazilərdə və ayrılmış ərazilərdən kənarda hasilat ilə bağlı çoxsaylı hüquq pozuntuları nəticəsində ətraf mühitə ciddi ziyanın vurulmasına dair əsaslı şübhələr müəyyənləşib.
Fakt üzrə Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 5 cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.