Azərbaycandan kənarda qanunsuz silahsız birləşmələrin tərkibində iştirak etdiyinə görə təqsirləndirilən Nəsir Cahangirov və Mənsur Cumayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icraatına verilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.
İstintaqla Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.
Aparılan araşdırmalara əsasən məlum olub ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olmuş və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər.
Faktla bağlı Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf edib və səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.