“Dedim, o sizə zəng edəcək,  amma Veysəl şəhid olmuşdu”  – Xüsusi təyinatlıların mayoru ilə MÜSAHİBƏ
28 sentyabr 2026 11:04 (UTC +04:00)

“Dedim, o sizə zəng edəcək, amma Veysəl şəhid olmuşdu” – Xüsusi təyinatlıların mayoru ilə MÜSAHİBƏ

0

“Döyüş yoldaşımız soruşdu ki, kim ətir vurub? Dedik ki, heç kim. Dedi, axı kimsə gözəl bir ətir vurub, qoxusu gəlir. Təəccüblə baxdıq, o an anladım ki, gözəl ətir qoxusu şəhid Abdullayev Rəşadın cənazəsindən gəlir”

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, Qarabağ müharibəsi veteranı və Qarabağ müharibəsi əlili Elşad Təhməzovun Lent.az-a müsahibəsi.

- Müharibə başlayanda siz hansı rütbədə xidmət edirdiniz?

- Müharibə başlayanda Xüsusi Təyinatlı Qüvvələrdə kapitan kimi xidmət edirdim. “Müharibə başladı” sözünü eşidəndən hər bir xüsusi təyinatlı kimi bu tarixi anı yaşaya bildim.

- Müharibə başlayacağını eşidəndə ailənizlə vidalaşa bildiniz?

- Müharibədən əvvəl də müxtəlif döyüş tapşırıqları olurdu. Hər dəfə döyüş tapşırıqlarını məxfi saxladığımız kimi bu dəfə də hara və niyə getdiyimizi ailə üzvlərimizdən gizli saxladıq. Təlimə gedirik deyib, hər kəslə soyuqqanlı vidalaşdım ki, bəlkə geri qayıtmadım. Valideynlərimə zəng edib, “necəsiniz?” deyə hal-əhval tutdum.

- Hansı ərazilərdəki döyüşlərdə iştirak etmisiniz?

- 2020-ci il sentyabrın 27-si Murovdağ silsiləsində, xüsusilə Koroğlu dağı zirvəsindən hərbi əməliyyatlara başladıq. Üç gün sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı general Hikmət Mirzəyev döyüş gedən əraziyə gəldi. Bundan sonra döyüş tapşırığının yeri dəyişdirildi və Cəbrayıl rayonu istiqamətində döyüşlərə başladıq. Cəbrayıl rayonu oktyabrın 4-də işğaldan azad olduqdan sonra əsas tapşırıq Hadrut qəsəbəsinin işğaldan azad olunması idi. Hadrut qəsəbəsi Şuşa şəhərinə gedəcək döyüş yolumuzun üzərində ən vacib və çətin relyefdə yerləşən bir yaşayış məntəqəsi idi.

Bizə “Hadrut nəyin bahasına olursa, olsun azad olunmalıdır!”, əmri verildi. Ən ağır və çətin döyüşlərdən biri Hadrut qəsəbəsinin azad olunmasında oldu. Bundan sonra biz Tuğ və Azıx yaşayış məntəqələri istiqamətində hücumlarımızı davam etdirdik. İndiki Zəfər yolu boyunca yerləşən yaşayış məntəqələrini azad edərək Şuşa şəhərinə doğru hərəkət etdik.

Noyabr ayının əvvəlləri biz Şuşa şəhərinə çatdıq. Bütün hazırlıqlar tamamlandı və Şuşanın azad edilməsi əməliyyatı keçirildi. Noyabr ayının 8-i Şuşa şəhəri tam azad edildi və noyabr ayının 10-da zəfər qələbəsi qazandıq.

- Harada yaralanmısınız?

- İlk dəfə 2016-cı ildə, Aprel döyüşlərində yaralanmışam. Qismət oldu 44 günlük Vətən müharibəsində iştirak etdim. Lakin noyabr ayının 3-də Şuşa istiqamətində gedən döyüşlərdə yenidən yaralandım.

- İndiyə qədər iki dəfə yaralanmısınız?

- Xeyr, üç dəfə. 2022-ci ildə, sentyabr döyüşlərində də iştirak etmişəm. Orada da yaralanmışam.

- 44 günlük Vətən müharibəsində heç “buradan sağ çıxmaya bilərəm” deyə düşündüyünüz an olub?

- Bu anı ilk dəfə Murovdağ silsiləsinin azad olunması əməliyyatında yaşadım. Həqiqətən orada vəziyyət çox çətin idi. Düşünürdük ki, burdan sağ çıxa bilməyəcəyik.

Hadrutun azad edilməsi istiqamətində də bir yüksəklik var idi, orada düşmən hər cür atəş vasitələrindən tətbiq edirdi. Onda düşündük ki,  şəhid olsaq da döyüşək, düşmən itki versin. Daxilən sağ qalacağımızı düşünə bilmirdik.  Həmin anda digər xüsusi təyinatlı qrupumuz düşmənə yandan ağır zərbə endirərək bizi ən çətin durumdan çıxardı.

- Bu gün də unutmadığınız bir döyüş yoldaşınız haqqında nə danışa bilərsiniz?

- Sentyabr ayının 28-i axşam Rəşad Abdullayev şəhid olmuşdu. Axşam təxminə saat 23 radələri idi. Həm hava çox soyuq idi, həm də düşmənin artilleriya atəşləri susmaq bilmirdi. 3462 metr yüksəklikdə idik. Bir döyüş yoldaşımız yanımıza gəldi, bir mövqeyə sığındıq, bir dəqiqə keçməmiş soruşdu ki, kim ətir vurub? Dedik ki, heç kim. Dedi, axı kimsə gözəl bir ətir vurub, qoxusu gəlir. Təəccüblə baxdıq, o an anladım ki, gözəl ətir qoxusu şəhid Rəşad Abdullayevin cənazəsindən gəlir.

Digər təsirli hal da döyüş yoldaşım Veysəl Musibovla bağlıdır. Cəbrayıla döyüşə hazırlaşırdıq, Veysəl gəlib dedi ki, telefonunun enerjisi bitib, mənim telefonumla övladları və ailəsi ilə əlaqə saxlamaq istəyir. Sonra həyat yoldaşı mənə zəng etdi ki, Veysəldən narahatam, zəng çatmır, o necədir? Mən bu suala heç bir cavab tapa bilmədim. Dedim ki, o sizə zəng edəcək. Amma həmin vaxt artıq Veysəl şəhid olmuşdu.

Döyüşdə mənə təsir edən bir hadisə də şəhid Akşin İbadovla bağlıdır. Hadrutda döyüş gedən zaman bir qələm, bir kağız götürərək məktub yazmağa başladı. Soruşdum ki, nə yazırsan? Dedi, qızıma xatirə yazıram, sabah şəhid olacam. Qızıma məndən xatirə qalsın, böyüyəndə oxusun, mənimlə fəxr etsin ki, atası vətən uğrunda şəhid olub. Həmin vaxt onun qızı 20 günlük körpə idi. Məktubu yazdı, sol cibinə qoyub döyüşünə davam etdi və səhəri gün şəhid oldu. Bu gün də həmin məktub qızındadır.

- Döyüş zamanı sizi təəccübləndirən və ya heç vaxt unutmayacağınız bir hadisə baş verib?

- Oktyabrın 14-ü komandir Zaur Zeynalovdan döyüş tapşırığı aldım. Döyüş Hadrutun dağlarında davam edirdi. Tuğ kəndi istiqamətində düşmənin ara boşluğundan keçərək 6 kilometr arxasına çıxmalı və strateji bir yüksəkliyi ələ keçirib bölmələrimiz gələnə qədər əlimizdə saxlamalı idim. Oktyabrın 14-ü gecə saatlarında hərəkətə başladım, bu əməliyyatda vətən müharibəsi qəhrəmanı Adil İbrahimli də mənimlə bir yerdə iştirak edirdi. Biz gizli şəkildə düşmənin arasından sızaraq 6 kilometr gerisinə gəlib deyilən yüksəkliyə çıxdıq və beş gün bu yüksəkliyi qoruyub saxlayıb digər bölmələrimizə təhvil verib, növbəti tapşırığa getdik. Beş gün bir tikə çörək belə yemədik. Üç gün, ümumiyyətlə, su olmadı. Mən hələ də anlaya bilmirəm ki, necə üç gün susuz, beş gün ac yaşaya bildik?

Uşaqlara deyirdim, siz xüsusi təyinatlısınız, dözümlü olun, xüsusi təyinatlı olduğunuzu sübut edin, bir neçə saata yemək gələcək. Amma bilirdim ki yemək gəlməyəcək. Həqiqətən xüsusi təyinatlı necə olur və necə bu aclığa susuzluğa dözür biz onu yaşadıq.

- Qələbə xəbərini harada və necə aldınız?

- Noyabrın 9-u saat təqribən gecə 22 idi. Şuşada general Zaur Zeynalovun yanında idarəetmə məntəqəsində  idim, növbəti tapşırıq Şuşakəndin azad edilməsi və Xankəndi istiqamətində hücum üçün əlverişli şərait yaratmaq idi. Yuxarı komandalıqdan zəng gəldi.

“10 noyabr saat 00:00-dan etibarən bütün hərbi əməliyyatlar dayandırılır. Düşmən təslim oldu”, dedilər. O hər kəs donub qaldı. Həm sevinirdik qələbə qazandıq, həm də sual verdik bir-birimizə ki, bəs qalan ərazilər necə olacaq? Çünki biz həmin vaxtı düşmən ordusunun kapitulyasiya aktında nəyə qol çəkdiyini bilmirdik. Səhər bütün hərbi əməliyyatlar dayanmışdı, biz Şuşada olan yuxarı Gövhərağa məscidində namaz qıldıq və zəfər sevincini yaşadıq.

- Bu gün hansısa səs, qoxu və ya görüntü sizi həmin günlərə qaytarırmı?

- Müharibədə hər hansı hadisə və ya qoxu heç vaxt yaddan çıxmır, nə qədər yaşasan, o anlar da səninlə birgə olur, çünki sən müharibə adamısan. Bu gün də həmin döyüş gedən yerlərə səfər edəndə sanki hər anı indi yaşamısan kimi yadına düşür. O anlar heç vaxt silinmir.

- Döyüş yoldaşlarınızdan birinin sizə dediyi və bu gün də unutmadığınız bir cümlə var?

- Şəhid Akşin İbadov 20 günlük körpə qızı haqqında mənimlə çox söhbət etdi, mənə dedi ki, şəhid olandan sonra qızım atasız böyüyəcək. Bu söz yadımdan çıxmır. Axı necə olur, bir insan sabah şəhid olacağını bilir, dünyadan köçəcəyini bilir, amma yenə də savaşır?

Müharibədən öncə Xüsusi Təyinatlı Qüvvələrin zabiti polkovnik-leytenant Həziyev Şəmşir kəşfiyyat rəisi idi. Özü Cəbrayılın Dağ Xələfli kəndindən idi. Müharibədə dedi ki, kəndimiz alınsın, sizə orada qurban kəsəcəm. Cəbrayılın Dağ Xələfli kəndi azad olunanda mən ona xəbər verdim. Lakin Şuşa döyüşü zamanı onun şəhid olduğunu söylədilər. Mən həm şəhid olmağına, həm də doğma kəndini görə bilmədiyinə görə çox kədərləndim. Amma şükürlər olsun ki, ağır yaralansa da, şəhid olmadı.

e

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar