Orduxan Teymurxan  da prokurorluğa çağırıldı
17 aprel 2025 15:31 (UTC +04:00)

Orduxan Teymurxan da prokurorluğa çağırıldı

Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir.

Qeyd edilib ki, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

56 yaşlı Bəbirov Orduxan Teymurxan oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.

Orduxan Teymurxan şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Vurğulanıb ki, Orduxan Teymurxanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “youtube” və “facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

Bildirilib ki, Bəbirov Orduxan Teymurxan oğlu istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1432

Oxşar yazılar