Sabiq prezident Əbülfəz Elçibəyin evinin qarət edilməsi ilə bağlı yeni faktlar məlum olıub.
Lent.az-ın əldə etdiyi məlumata görə, sabiq prezident Əbülfəz Elçibəyin evindən edilən oğurluq faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) cinayət işi başlanıb.
Əməli törətməkdə şübhəli bilinən Səmid Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qərarı verilib.
Eks-prezidentin yaxın qohumu Çingiz Özgür isə "modern.az"a açıqlamasında bildirib ki, hadisə təxminən 2 ay əvvəl baş verib:
"Oğurluq hadisəsi təqribən 2 ay əvvəl baş verib. Oğrunu dərhal tutublar. Azərbaycan polisi çox ciddi işləyib. Bir neçə saat sonra oğru saxlanılıb. Oğurluq zamanı həmin evdə yaşayış olmayıb. Oğurlanan əşyaları qiymətləndirmək dövlətin, ekspertlərin işidir. Oradakı əşyaların çox böyük mənəvi dəyəri var. Qarət zamanı oğru ona lazım olan, sata biləcəyi şeyləri götürüb. Evə çox zərər dəyib. Hətta rəhmətlik Bəyin maşınına da zərər vurulub".
***
saat 00:22
Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.
Lent.az xəbər verir ki, bu barədə Bakupost.az -a mərhum prezidentin yaxınları məlumat veriblər.
Bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Həmin şəxs Saatli rayon sakinidir.
Xatırladır ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlamışdı. Bu müraciətdən sonra Heydər Əliyev Fondu tərəfindən ev təmir olunmuşdu.
Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub və 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edib. O, Azərbaycanın müstəqillik mübarizəsində mühüm rol oynayan siyasi xadimlərdən biridir.