Ölkə ərazisinə 55 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Lent.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 21-də 26 kiloqram 5 qram narkotik vasitəni və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbini ölkə ərazisinə keçirməyə cəhd göstərən 1 nəfər, avqust ayının 22-də isə 29 kiloqram 100 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.