Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
08 mart 2025 23:37 (UTC +04:00)

Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”

Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyev feysbuk hesabındakı paylaşımla gündəmə gəlib.

Lent.az xəbər verir ki, o, paylaşımında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib.

Bunun əsas səbəblərindən biri isə Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanova qarşı edilən hərəkətlər olub. Xankişiyev iddia edib ki, Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub:

“Bir neçə il əvvəl məni Bakıya dəvət etdilər və Qarabağda keçirilən ilk beynəlxalq kulinariya festivalının fəxri sədri olmağımı xahiş etdilər. Mən dünyanın müxtəlif yerlərindən məşhur aşpazları dəvət edərək, vəhşilər tərəfindən dağıdılmış Şuşaya gəldikdə, dostlarıma belə bayramların niyə məhz burada keçirilməsi lazım olduğunu izah etdim. Çünki biz bu yaralı, əzilmiş torpağa həyat verməli idik.

Festival haqqında bakılı aşpazlar da eşitdilər. Hansı ki, onlar müharibə zamanı öz arzuları ilə cəbhəyə getmiş, Azərbaycan əsgərlərini ləzzətli yeməklərlə doyurmuşdular. Hətta onlar ilk qəhrəmanlardan sonra Şuşaya daxil olub orada isti çörək bişirmişdilər. Onlar da festivalda iştirak etmək istəyirdilər. Ancaq birdən Turizm Agentliyindən deyirlər ki, “bunlar lazım deyil”.

Bu necə ola bilər?! Bəs kim lazımdır? Kimi dəvət etmək lazımdır, əgər bu vətənpərvərlər gəlməyəcəksə? Onlar ailələrini tərk edib, restoranlarını buraxıb, həyatları ilə risk ediblər, bir aşpaz da şəhid olub. Şəhidlik isə şərəfdir! Ona görə də mən zəng etməli, inandırmaq, mübahisə etməli oldum. Dövlət Turizm Agentliyinə ən yüksək səviyyədən deyildi ki, məhz bu aşpazları birinci növbədə dəvət etmək lazımdır. Əgər bu Turizm Agentliyinin tərəfindən edilən ilk və son alçaqlıq olsaydı…

Festivala mənim müəllimim, dostum və mənim üçün böyük rəhbər olan Tahir Əmiraslanov da gəldi. O, artıq uzun illər çalışdığı təvazökar vəzifəsindən məhrum edilmişdi və təqaüdə çıxmasına cəmi 4 ay qalmışdı.

Birdən mənim yanıma bəzi uşaqlar gəlib sakitcə dedilər: “Stalik müəllim, Tahir Əmiraslanovdan xahiş edin, getsin”.

“Bu necə ola bilər?!” soruşduqda isə “belə lazımdır, bu rəhbərliyin xahişidir” dedilər. Çünki həmin gün festivalda rəhbərlikdən Fuad Nağıyev var idi. Məhz o, Tahir müəllimi işdən çıxarmışdı. O adam ki, bütün ömrünü Azərbaycana xidmətə sərf etmişdi.

Mən Tahir müəllimin mənzilində də olmuşam, onun illərdir tamamlanmamış bağ evində də. Mən bilirəm və görürəm ki, bu zəhmətkeş insan necə təvazökar yaşayır. Əgər başqaları işdən bir şey oğurlayıb evə gətirirsə, Tahir müəllim evdən götürüb işə aparırdı. Onda belə adam necə işdən çıxarıldı? Yaxşı, bəlkə bu onun qərarı deyildi, bəlkə Fuad Nağıyev belə qərar verməyib? Mən bilmirəm. Amma Azərbaycanın baş aşpazı Tahir Əmiraslanovu kulinariya festivalından qovmaq… Bu, həddən artıq ağır bir hərəkət idi!

Mehmanxananın foyesində divanda Tahir müəllim oturmuşdu, yanında isə köhnə portfel. O, Bakıya qayıtmaq üçün avtobus gözləyirdi. Onun gözlərində kədər və incidilmişlik var idi. Bu zaman Fuad Nağıyev gəldi. Mən onu görüb müraciət etdim:

“Fuad, gəlin buraya oturun, danışaq! Niyə siz Tahir müəllimi bu bayramdan qovursunuz? Azərbaycan kulinariyası üçün bu insandan daha çox iş görmüş kim var? Bu festival o olmadan necə keçə bilər? O sizə şəxsən nə pislik edib?”

Cavabında isə o yayındı, gülümsədi, özünü çox zəif aparırdı və heç bir konkret cavab vermədi.

Bundan sonra yenə mənim yanıma gənc oğlanlar gəldi: “Tahir müəllim getsin, bazar ertəsi onu çağırıb işi ilə bağlı səhvi düzəldəcəklər”.

Mən inandım. Özüm Tahir müəllimin yanına yaxınlaşıb xahiş etdim: “Əgər bu, işinizə qayıtmaqla bağlıdırsa, belə daha yaxşı olar”.

Amma aldadıldım! Onu heç yerdə çağırmadılar, işdən çıxarılma isə onun təqaüdünə təsir etdi ki, bunu özünüz də başa düşürsünüz? Alçaqlığa baxın! Fuad Nağıyev sadəcə qorxurdu ki, bəlkə respublika rəhbərliyindən kimsə Tahir müəllimi görüb onun işdən çıxarılması haqqında danışar.

Festivalın son günündə nəhayət qonaqlar üçün bir növ süfrə açıldı. Turizm Agentliyinin bəzi işçiləri də iştirak edirdi, Fuad Nağıyev də gəldi. Qonaqlar onu “nazir” kimi qəbul edirdilər. Fuad viski butulkalarını özü ilə gətirərək, qonaqların qarşısında sərxoş olmaqdan başqa heç nəyi ağlına gətirmədi. Qonaqlar da içdilər, amma əgər özünü nazir adlandırırsansa, əgər sənə yüksək vəzifə həvalə ediblərsə, düşün ki, sən Azərbaycanın üzüsən! Yaxşı, bir az iç, amma insani görünüşünü itirmə, xahiş edirəm! Atalarımızın inancını, xalqımızın ənənələrini unutma!

Mən yenə utandım. Yaxşı ki, Azərbaycanın həqiqətən hörmətli nümayəndələri də orada idi və bu narahatlıq anını yumşaltdılar. Qonaqlar məmnun şəkildə yola düşdülər, Dominikandan olan bir oğlan hətta Azərbaycanla vidalaşarkən səmimi şəkildə ağladı.

PS. Uzun müddət düşündüm ki, baş verənlərdən yazmağa dəyərmi? Şübhəsiz ki, bəziləri fikirləşəcək ki, mən Fuad Nağıyevin indiki çətin vəziyyətindən istifadə edib hesablaşmaq istəyirəm. Amma Fuad bu vəziyyətə kiminsə iradəsi ilə deyil, öz əməlləri sayəsində düşüb. Mən sizə bu əməllərin yalnız kiçik bir hissəsindən danışdım ki, oxucularım və tanışlarım üçün aydın olsun ki, ədalət var. Belə davranmaq olmaz. Öz cibin və karyeran haqqında daha az düşünmək, ləyaqətli əməklə məşğul olmaq lazımdır, nəinki intriqalar və yaltaqlıqla… Azərbaycan Milli Aşpazlar Assosiasiyasının kollektivinin dağıdılması isə Tahir Əmiraslanovun bütün ömründə gördüyü işlərin hədər getməsidir. Mən bunu Fuad Nağıyevə bağışlaya bilmərəm. Sən nə yaratmısan ki, başqalarının yaratdığını dağıdırsan?!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508

Oxşar yazılar