"Dedi ki, 55 min manata başa gələcək" - Namizəd Səfərov reablitoloqu hansı vədlə  aldadıb?
08 oktyabr 2026 13:49 (UTC +04:00)

"Dedi ki, 55 min manata başa gələcək" - Namizəd Səfərov reablitoloqu hansı vədlə aldadıb?

0

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində ifadə verən Günel Əfəndiyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində sosial reablitoloq kimi çalışdığını və işdən çıxarıldıqdan sonra kömək üçün təqsirləndirilən şəxsə müraciət etdiyini bildirib:

"Namizəd Səfərovla 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tanış olmuşdum. Məhkəmənin qarşısından keçərkən çoxlu sayda adamların toplaşdığını görüb kütləyə yaxınlaşdım. Səfərovun ətrafında çoxlu insanlar vardı, hamısı ona "hörmətli hüquqşünas" deyə hörmətlə müraciət edirdilər. Onunla tanış olub işdən çıxarıldığımı, yenidən bərpa olmaq istəyimi dedim. N.Səfərov mənə kömək edəcəyini deyərək, işin 55 000 manata başa gələcəyini bildirdi. O dedi ki, 5 000 manat hüquqi yardım üçün öz zəhməthaqqıdır, qalan 50 000 manat isə işi düzəldənə gedəcək.

Biz 53 000 manata razılaşdıq. Pulu ona təqdim etdim. N. Səfərov dedi ki, İsmayıllıya hüzr yerinə gedəcək, qayıdan günü mənim iş problemim həll olunacaq. Gün təyin edib köhnə iş yerimin qarşısında görüşməyi vədələşdirdik. Vədə günü səhər 9 tamamdan düz saat 12-yə kimi əvvəlki iş yerimin qarşısında onu gözləsəm də, gəlib çıxmadı. Nə mesajlarıma, nə də zənglərimə cavab verdi. Bu məni çox narahat elədi. Səfərovun "Montin bazarı"nın yaxınlığındakı ofisinə getdim, onu orada tapmadım. Halım qarışdı, özümü pis hiss elədim. Ofisdəki qızlar tez su gətirdilər. Bir az özümə gələndən sonra ağlaya-ağlaya "102" xidmətinə zəng edib başıma gələnlərlə bağlı məlumat verdim. Çox keçmədi ki, Bakı Şəhər Baş Polis İdarəsindən zəng gəldi, məni idarəyə dəvət elədilər. N.Səfərovun həbs olunduğunu üzləşməyə gələndə bildim. Şikayətçiyəm, aramızda barışıq yoxdur. Mənə dəyən maddi ziyanın ödənilməsini tələb edirəm".

Təqsirləndirilən Namizəd Səfərov zərərçəkənin yalan danışdığını iddia edərək, özünün və iş üzrə zərərçəkənin mobil telefonlarının anten dairəsinin müəyyən edilməsi, videokamera görüntüləri üçün sorğu verilməsini məhkəmədən xahiş edib.

Qısa müşavirədən sonra məhkəmə vəsatətin baxılmamış saxlanılmasını elan edib.

Növbəti proses 29 oktyabr saat 12:00-a təyin olunub.

Xatırladaq ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb. Lakin verdiyi vədi yerinə yetirmədiyinə görə vətəndaş polisə müraciət edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar