Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, qəza şəhərin Xətai və A.Azərtürk küçələrinin kəsişməsində qeydə alınıb.
Masallı rayon sakininin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən “Ford” markalı yük maşınının qarşısına çıxıb və nəticədə qəza baş verib.
Toqquşmadan sonra “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.
Hadisə nəticəsində minik avtomobilində olan sərnişin ayaq-baldır nahiyəsinin sınığı diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücüyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev