Suraxanı rayonu, Hövsan qəsəbəsində narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı sakini Anar İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsi yoldan çıxaraq qəzaya düşüb və sürücü yüngül dərəcəli xəsarətlər alıb.
Hadisədən sonra Suraxanı rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücünü tibbi müayinəyə aparan zaman onun sükan arxsasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib.
Sürücü ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu və avtomobili narkotik vasitə çəkərək idarə etdiyini boynuna alıb. Sürücü Anar İsmayılovun üzərinə baxış zamanı ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin də aşkar edilib.
Sürücü barəsində Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Anar İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan material məhkəməyə göndərilib.